“Borcumu tam ödədim, 6 gün sonra telefonumu blokladılar” – “Kontakt Home”dan şikayət
Vətəndaş “Kontakt Home”dan götürdüyü mobil telefonun kredit borcunu vaxtından əvvəl tam ödəməsinə baxmayaraq, telefonunun uzaqdan bloklandığını iddia edib.
Redaktor.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.
Şikayətçinin sözlərinə görə, o, avqustun 13-də “Kontakt Home”dan götürdüyü 1 illik telefon kreditinin bütün borcunu vaxtından əvvəl tam şəkildə ödəyərək bağlayıb. Vətəndaş borcun tam ödənildiyini təsdiqləyən qəbzin də əlində olduğunu bildirib. Onun iddiasına görə, borcu bağladıqdan 6 gün sonra, avqustun 19-da telefonu uzaqdan bloklanıb.
Şikayətçi bildirib ki, yaranan problemin texniki xəta olduğunu düşünsə də, telefonun kilidinin açılması üçün ondan əlavə 24 manat tələb olunur.
“13 avqust tarixində 1 illik telefon kreditini vaxtından əvvəl, bütün borcumu tam şəkildə ödəyərək bağlamışam. Əlimdə ödənişin tam edildiyini sübut edən qəbzim də var. Buna baxmayaraq, borcu tam bağlamağımdan 6 gün sonra – 19 avqust tarixində telefonumu uzaqdan bloklayıblar. İndi isə texniki xətanı öz üzərlərinə götürmək əvəzinə, telefonun kilidini açmaq üçün məndən əsassız yerə əlavə 24 AZN pul tələb edirlər”, - deyə şikayətçi bildirib.
Onun sözlərinə görə, ödəniş qəbzini təqdim etməsinə baxmayaraq, problem hələ də həll olunmayıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
NURİYYƏ













