"Ahıska türkləri acılara baxmayaraq milli kimliyini qorudu" - Türkiyə səfiri
“Bu gün Azərbaycanın Bakıdakı Milli Tarix Muzeyində Ahıska türklərinin 1944-cü ildə baş vermiş məcburi sürgün olunmasının 82-ci ildönümü münasibətilə Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyinin dəstəyi ilə, Dünya Ahıska Türkləri Birliyinin himayəsində və təşkilatçılığı ilə ərsəyə gətirilən anım sərgisini açıq elan etdik”.
Redaktor.az xəbər verir ki, bu fikirləri “Ahıska Türkləri İtirilmiş Sürgünün İzində” sərgisinin açılış mərasimində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün jurnalistlərə açıqlamasında bildirib.
O vurğulayıb ki, sərginin hazırlanmasında xüsusilə Azərbaycan Mədəniyyət Nazirliyinin çox qiymətli dəstəyi olub:
“Mən belə bir sərginin hazırlanmasında dəstək olan, öncüllük edən, təşkilatçılıq edən, istər Türkiyədən gələn Mədəniyyət Nazirliyi rəsmilərinə, istərsə də Azərbaycanın hər səviyyədəki rəsmilərinə təşəkkür edirəm.
Ahıska türkləri Türk dünyasının ayrılmaz bir parçasıdır. Dünən olduğu kimi, bu gün də o qardaşlarımızın çəkmiş olduqları acıların xatırlanması, milli yaddaşımızın vacib parçası olaraq bu sərgiyə çevrilməsi, müasir vasitələrdən istifadə olunaraq gələcək nəsillərə ötürülməsi baxımından çox qiymətli olduğunu düşünürəm. Çünki millətləri millət edən keçmişdə yaşanan o acılardır. Amma eyni zamanda Türk millətini digərlərindən bəlkə də ayıran ən mühüm şey çəkilən acılara baxmayaraq milli mədəniyyətini, tarixini, mənsubiyyətini, kimliyini, ənənələrini unutmamaq və tarixin yaşatdığı bu acılara, tarixi prosesdə çəkilən əzablara baxmayaraq, o müqaviməti qorumaqdır”.
Səfir vurğulayıb ki, sürgün, əlbəttə ki, məcburi yerdəyişmədir, məkan dəyişməsidir:
“Bu, köhnə təbirlə “repressiya”dır, böyük bir zülmdür. Amma eyni zamanda bu gün də görürük ki, Ahıska türklərinin o müqavimətli ruhu, vətən həsrəti və milli kimliyini, dilini, ənənələrini qorumaq mənasında göstərmiş olduqları o müqavimət bizim Türk milləti olaraq hamımız adına bu məzlum millətin məğrur, qürurlu duruşu baxımından bizim bir qürur mənbəyimizdir”.
NURİYYƏ












