"Azərbaycan və özbək dillərinin yaxınlığı təsadüfi deyil" - Akademik
Özbəkistanda Azərbaycan Prezidentinin səfəri çərçivəsində keçirilən görüşlərdə iki ölkə rəsmilərinin öz ana dillərində ünsiyyət qurması diqqət çəkib. Azərbaycan və özbək dillərinin yaxınlığı sayəsində rəsmilər bir-birlərini tərcüməçiyə və rus dilinə ehtiyac olmadan anlayıblar. Bu fakt iki xalq arasındakı tarixi və mədəni yaxınlığı bir daha gündəmə gətirib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan akademik Nizami Cəfərov bildirdi ki, bütün türk dilləri arasında müəyyən yaxınlıq var, amma elə türk dilləri də var ki, onların arasındakı yaxınlıq daha çoxdur:
"Bu, xüsusilə ondan irəli gəlir ki, məsələn, Azərbaycan və özbək dilləri türk dilləri içərisində kifayət qədər qədim tarixə, həm də zəngin ədəbi dil tarixinə malik dillərdir. Yəni Azərbaycan dili də, özbək dili də XIII, XIV, XV əsrlərdən etibarən ədəbi dil kimi kifayət qədər inkişaf edib. Buna heç bir şübhə yoxdur. Özbək dili öz kökünü Cığatay dilindən götürür, Azərbaycan dili isə Oğuz dilindən. Onlar da bir-birinə yaxın olublar. Yəni Cığatay, Qarluq və Oğuz dilləri ədəbi dil kimi inkişaf etdiklərinə görə bir-birinə kifayət qədər yaxın olublar. Amma biz daha çox onları ədəbiyyatın dili, bədii əsərlərin dili kimi yaxın hesab edirik. Başqa sahələrdə isə, əlbəttə, müəyyən fərqlər mövcud olub. Bu gün türk dünyasında özbək və Azərbaycan dillərini türk dillərini təmsil etmək gücündə olan dillər hesab edirlər. Özbək dilinin, məsələn, üç dialekti var. Özbək dili Qarluq dilləri cərgəsinə daxildir və Uyğur dili ilə eyni qrupa aiddir. Amma özbəklərin tərkibində Oğuz və Qıpçaq mənşəli tayfalar da olub. Artıq onlar ayrı-ayrı tayfalar deyil, özbək xalqı ilə birləşərək onun tərkib hissəsinə çevriliblər, amma müəyyən qədər öz coğrafi xüsusiyyətlərini saxlayıblar. Bu mənada özbək dilində Azərbaycan dilinin daxil olduğu Oğuz qrupunun, eləcə də Qıpçaq qrupunun müəyyən xüsusiyyətləri var. Bu yaxınlıq, yenə deyirəm, ilk növbədə həmin dillərin ədəbi dil tarixlərinin zənginliyindən irəli gəlir. Elə türk dilləri var ki, onların ədəbi dilləri XIX əsrdə, XX əsrin əvvəllərində formalaşıb. Amma özbək və Azərbaycan dilləri artıq XIII-XIV əsrlərdə ədəbi dil kimi mövcud idilər. Burada yazılı ədəbi dildən söhbət gedir".
Müsahibimiz nəzərə çatdırdı ki, Azərbaycan və Özbəkistan rəsmilərinin qarşılıqlı ünsiyyət zamanı Azərbaycan və özbək dillərindən istifadə etməsi həmin dillərin yaxınlığı və tarixi ənənələri ilə bağlıdır:
"Digər tərəfdən, bu, prezidentlərin intellektual imkanları ilə də əlaqədardır. Onlar öz ana dillərini dərindən bildiklərinə görə və Azərbaycan, özbək dilləri ümumi türk dil sisteminin, xüsusilə onun ədəbi sisteminin tərkib hissəsi olduğuna görə bir-birlərini yaxşı anlayırlar. Bu, həm də yeni bir hadisə deyil. Bir neçə il bundan əvvəl Özbəkistanın prezidenti cənab İslam Kərimov olduğu dövrdə də Prezident İlham Əliyev onunla Azərbaycan və özbək dillərində ünsiyyət saxlayırdı. Bu, çox yaxşı göstəricidir. Bu gün türk dünyasında müəyyən birlik imkanları yaranır və genişlənir, bu da dillərimizin qarşılıqlı əlaqələrini gücləndirir. Əlbəttə, mən demək istəmirəm ki, gələcəkdə türk dilləri öz simasını itirib ümumi bir türk dilinə çevriləcək. Bu, heç zaman olmayacaq. Türk dilləri daim öz xarakterini, simasını, normalarını və tarixi inkişaf yolunu qoruyub saxlayacaq, inkişafını davam etdirəcək. Amma təbiidir ki, artıq ümumi əlifba məsələsini Türk Dövlətləri Təşkilatının himayəsi altında, demək olar ki, həll etmişik. Bundan sonra ortaq ümumi terminologiyanın yaradılmasından söhbət gedir və bu istiqamətdə iş aparılır. Bunun üçün də imkanlar var. Çünki terminologiya ümumiyyətlə beynəlmiləl xarakter daşıyır və türk dünyası miqyasında ümumtürkoloji baza mövcuddur ki, ondan istifadə etmək mümkündür. Bütün hallarda dillərimizin bir-biri ilə təmasa girməsi onların bir-birini əvəz etməsi demək deyil. Yenə də Özbəkistan Prezidenti özbəkcə danışacaq, Azərbaycan Prezidenti isə azərbaycanca danışacaq. Əsas məsələ odur ki, bu dillərdə danışaraq, yüksək intellektual səviyyədə bir-birini anlamaq üçün geniş imkanlar mövcuddur".
NURİYYƏ













