Bütün avtobuslarda ikinci validator quraşdırılacaq? - RƏSMİ
“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən etibarən 11 ay müddətinə dayandırılıb. Bu səbəbdən paytaxtda, xüsusilə alternativ marşrutlarda sərnişin sıxlığı artıb. Sıxlığın qarşısını almaq məqsədilə ekspres avtobus marşrutları təşkil edilsə də, sərnişin axınının çoxluğu səbəbindən avtobuslarda da sıxlıq müşahidə olunur.
Belə ki, avtobusa ön qapıdan daxil olan bəzi sərnişinlərin arxa hissəyə keçməməsi digər sərnişinlərin avtobusa minməsini çətinləşdirir. Bunun qarşısını almaq və sərnişinlərin avtobusa daha sürətli yerləşməsini təmin etmək məqsədilə “Elmlər Akademiyası” və “28 May” stansiyaları arasında fəaliyyət göstərən M1 ekspres marşrutunda ikinci validator quraşdırılır. Yenilikdən sonra sərnişinlər avtobusa həm ön, həm də orta qapıdan daxil ola biləcəklər.
Bəs, paytaxtda fəaliyyət göstərən digər avtobuslarda da sıxlıq nəzərə alınaraq ikinci validator quraşdırıla bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-ın sorğusuna Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, yeniliklər təqdim ediləcək:
"Hər hansı bir yenilik olduğu təqdirdə təqdim edəcəyik".
NURİYYƏ













