İctimai nəqliyyatda böyük dəyişiklik: Gündəlik, aylıq və illik bilet paketləri gəlir - AÇIQLAMA

 14:28 25.08.2026     1369

Metro xətlərində aparılan təmir işləri səbəbindən Bakıda sərnişin sıxlığı xeyli artıb. Problemi qismən aradan qaldırmaq və sərnişinlərin avtobuslara daha sürətli minməsini təmin etmək məqsədilə “Elmlər Akademiyası” və “28 May” stansiyaları arasında fəaliyyət göstərən M1 ekspres marşrutunda ikinci validatorun quraşdırılmasına başlanılıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, Bakıda artıq axınlar qarışıb:

"Metro xətlərinin ayrılması layihəsi onsuz da vacib layihələrdən biridir. Amma təsirlər gözlənilən idi və bu təsirlərin azaldılması istiqamətində, düşünürəm ki, təxirə salınmadan qərarlar verilməlidir. Sevindirici haldır ki, artıq bir marşrutda, heç olmasa ilkin olaraq, digər qapıda da ödəniş validatoru qoyulub. Ümumiyyətlə, dünya təcrübəsində ödəniş validatorları hər qapıda yerləşdirilir. Hər qapıda validator olur və sürücü buna nəzarət etmir. Nəzarəti həyata keçirən xüsusi nəzarətçilər var. Onlar ixtiyari dayanacaqda avtobusa daxil olur, xüsusi POS-terminallarla vətəndaşdan ödənişin necə edildiyini soruşurlar. Yəni kartdırsa, kartı həmin POS-terminala vurursunuz və göstərir ki, bu kartdan sonuncu dəfə saat neçədə və yaxud neçə dəqiqə əvvəl ödəniş edilib, hansı marşrutda istifadə olunub. Bank kartı, saat və ya NFC vasitəsilə ödəniş də edilə bilər. Bunların hamısı dünya təcrübəsində fiksasiya olunur və brutto-kontrakt sisteminə keçən şəhərlər bunu çoxdan tətbiq edir. Biz brutto-kontrakt sistemini təsdiq etmişik, amma keçid hələ tam baş verməyib. Düşünürəm ki, bu keçid baş verəcək".

Müsahibimiz vurğuladı ki, bütün avtobuslarda ödəniş validatorlarının hər qapıda yerləşdirilməsi ona görə vacibdir ki, bu, birbaşa minib-düşmə prosesinə, dayanacaqda dayanma müddətinə, yəni tranzit vaxtına təsir edir. Avtobus nə qədər az dayanırsa, bu, dövriyyəyə bir o qədər müsbət təsir göstərir.

"Avtobus daha sürətli hərəkət edir, dayanacağa daha tez daxil olub çıxır, sərnişinləri sürətlə mindirib-düşürür və hərəkətini davam etdirir. Amma dayanacaqda daha çox dayanırsa, bu, ümumi dövriyyəyə təsirsiz ötüşmür və yekun nəticədə gecikmələrə səbəb olur. Bizdə bu keçid mərhələli şəkildə baş verəcək. Çox güman ki, 2027-2028-ci illərdə bu proses daha geniş şəkildə həyata keçiriləcək. Bu keçiddən başqa, gündəlik, aylıq və illik bilet paketləri, həmçinin 90 dəqiqəlik bilet təklifi də nəzərdə tutulur. Bu sistem vasitəsilə 90 dəqiqə ərzində bir ödənişlə fərqli nəqliyyat növlərindən istifadə etmək imkanı yaranır, yəni pulsuz keçidlər təşkil olunur. Bu da xərclərin optimallaşmasına və ictimai nəqliyyatın cəlbediciliyinin artmasına təsir edən alətlərdəndir. Brutto-kontrakt sisteminə keçid zamanı bunların hamısı nəzərdə tutulub və sürətli keçid təmin olunmalıdır.

Gecikməyə səbəb olan digər amil isə bir-biri ilə əlaqəli məsələlərin mövcudluğudur. Şəhərdə eyni anda fərqli küçələrdə təmir işləri görülürsə və bu təmir zamanı küçələr tamamilə bağlanırsa, bu, şəhərdəki ümumi hərəkətə təsir edir. Bu işləri də mərhələli şəkildə həyata keçirmək lazımdır. Küçənin bir hissəsində asfaltlama aparıla, digər hissəsində isə hərəkət davam etdirilə bilər. Bir hissədə iş bitdikdən sonra hərəkət digər istiqamətə dəyişdirilərək asfaltlama mərhələli şəkildə davam etdirilə bilər. Bu yolla təsirləri minimuma endirmək mümkündür. Yəni təkcə bir avtobusun gecikməsi avtobusların sayı və ya sərnişinlərin minib-düşməsi ilə bağlı deyil. Bu prosesin şəhərdə aparılan təmir işləri ilə də birbaşa əlaqəsi var", - deyə ekspert sonlandırdı.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən