4 il məzuniyyətsiz işlədi, çıxanda pulunu vermədilər - Bəs qanun nə deyir? - AÇIQLAMA

 14:53 27.08.2026     659

Zaqatala sakini Sərcahan Ramazanova 2023-cü ildən İçərişəhərdə yerləşən bir neçə butik hoteldə supervayzer işlədiyini bildirir. Onun iddiasına görə, tabeliyində olan təmizlikçiyə gül göndərilməsi səbəbindən iyulun 28-də şifahi şəkildə işdən azad edilib. Ramazanova 4 il məzuniyyətə çıxmadan işlədiyini və istifadə etmədiyi məzuniyyət günlərinə görə ona ödəniş və təzminat verilməyəcəyinin bildirildiyini deyir.

Bəs, belə olan halda vətəndaş nə etməlidir? Kim haqlıdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən vəkil Cavanşir Qasımzadə bildirdi ki, Əmək Məcəlləsinə əsasən, təbii ki, işçi ilə işəgötürən arasındakı münasibətlər əmək müqaviləsi əsasında həyata keçirilir və bundan sonrakı bütün addımlar, hüquqi prosedurlar yazılı formada olmalıdır.

"Yəni bu gün şəxs işdən şifahi formada çıxarıla bilməz. Əvvəla, onu qeyd edim ki, bu, mütləq yazılı formada olmalıdır, əmr şəklində rəsmiləşdirilməlidir. İşdən çıxarmaqla bağlı əmr verilməli, protokol tərtib olunmalıdır. Bu zaman işçinin əmək müqaviləsinə xitam verilə bilər. Bu da, dediyim kimi, yazılı formada həyata keçirilməlidir. Digər tərəfdən Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən, şəxslə əmək müqaviləsinə xitam veriləndə onun bütün istifadə edilməmiş əmək məzuniyyəti ödənişləri şəxsin hesabına köçürülməlidir. Yəni son haqq-hesab aparılarkən istifadə edilməmiş əmək məzuniyyətləri də hesablanmalıdır. Lakin ümumiyyətlə, şəxsin iki ildən artıq müddət ərzində əmək məzuniyyətinə buraxılmaması da qanunsuzdur", - deyə müsahibimiz nəzərə çatdırdı.

Onun sözlərinə görə, burda bir qanun pozuntusu yoxdur, bir çox qanun pozuntusu var:

"Şəxsin tabeliyində olan işçiyə gül göndərməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas deyil. Bəlkə töhmət kimi dəyərləndirilə bilər, bəlkə qısnama kimi dəyərləndirilə bilər, intizam xətası sayıla bilər, lakin qətiyyən işdən çıxarmaq üçün səbəb deyil. Şəxs bununla bağlı Əmək Müfəttişliyinə müraciət edə bilər. Bunun üçün, səhv etmirəmsə, 142 nömrəli telefon xəttinə müraciət etmək mümkündür. Bununla belə, vaxt itirmədən, bildiyimiz kimi, əmək münasibətlərində məhkəməyə müraciət etmək üçün müddət 1 ay nəzərdə tutulub. Yəni işçi vaxt itirmədən işə bərpa ilə bağlı məhkəməyə müraciət etməlidir. İşə bərpa olunmaq istəmirsə, həmin ödənişlərin tələb olunması ilə bağlı da müraciət edə bilər".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən