"Dünyanın heç bir yerində bu cür maşınları şəhər mühitinə buraxmırlar" - Ekoloq
"Avtobusların ətrafa qara tüstü buraxması olduqca xoşagəlməyən bir hadisədir. Daxili yanma mühərriklərindən bəlkə 260-a qədər tullantı var ki, onların böyük əksəriyyəti olduqca zəhərli, xüsusilə şəhər mühiti kimi bir mühitdə atmosferə çox böyük mənfi təsir göstərən, nəhayət, insan sağlamlığı üçün ciddi təhlükə yaradan bir prosesdir".
Bu fikirləri Redaktor.az-a Bakıda avtobusların qara tüstü buraxmasından danışan ekoloq Ənvər Əliyev bildirdi.
Onun sözlərinə görə, bu cür hallar adətən daxili yanma mühərrikləri ilə işləyən, benzin, qaz, dizel yanacağı və ya kerosin istifadə edən avtobus və avtomobillərin ciddi nöqsanıdır:
"Yaxşı olar ki, yol polisi əməkdaşları qanunun tələbinə uyğun olaraq bu cür maşınların texniki baxışdan hansı qaydada və hansı üsullarla keçirildiyinə ciddi nəzarət etsinlər. Hətta texniki baxışdan keçirmək bir yana qalsın, əgər belə halları görsələr, həmin nəqliyyat vasitələrini dərhal dayandırmalı və ciddi tədbir görməlidirlər. İndi biz nə edək? Biz sözümüzü deyirik. Böyük, milyonlarla əhalinin yaşadığı bir şəhərdə, ölkənin vəziyyətinin də o qədər pis olmadığı bir şəraitdə insanları bu cür zəhərləmək, onların sağlamlığını təhdid etmək qətiyyən düzgün deyil. Dünyanın heç bir yerində bu cür maşınları marşruta, şəhər mühitinə buraxmırlar. Başa düşə bilmirəm, indi bunun adı nədir, mən şəxsən bilmirəm. Ona görə də mən istəyərdim ki, şəhərdə yol polisi nəqliyyat vasitələrinə qarşı ciddi nəzarət həyata keçirsinlər. Xüsusən yay aylarında insanların sağlamlığına ciddi ziyan vuran bu cür hallara mütləq nəzarət edilməlidir. Nəqliyyat vasitəsinin kimə məxsus olmasından, hansı idarə və ya təşkilata aid olmasından asılı olmayaraq, belə hallarda mütləq cərimə tətbiq edilməlidir. Bununla yanaşı, həmin nəqliyyat vasitəsi tamamilə marşrutdan çıxarılmalıdır".
NURİYYƏ













