“Belə avtobuslar dərhal xətdən çıxarılmalıdır” - Nəqliyyat eksperti

 10:45 03.09.2026     672

Bəzən ictimai nəqliyyatdan istifadə edərkən yolboyu ətrafa qara tüstü buraxan avtobuslarla qarşılaşırıq. Bu cür nəqliyyat vasitələri yalnız sərnişinlər üçün narahatlıq yaratmır, eyni zamanda havanın çirklənməsinə və ətraf mühitə mənfi təsir göstərir.

Bəs texniki cəhətdən bu vəziyyətdə olan, ətrafa qara tüstü yayan sərnişin avtobuslarının xəttə buraxılması nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, bu cür avtobusların xəttə çıxması arzulanan hal deyil:

"Sadəcə, ola bilər ki, avtobus səhər qarajdan normal vəziyyətdə çıxır, ancaq sonrakı saatlarda qəfil texniki nasazlıq yaranır və belə bir vəziyyət ortaya çıxır. Bunu anlayışla qarşılamaq lazımdır, ancaq belə hallara göz yummaq olmaz. Bu cür avtobuslar dərhal xətdən çıxarılmalı və təmirə yönləndirilməlidir. Əgər avtobus bu cür vəziyyətdə xəttə buraxılıbsa, bu artıq o deməkdir ki, həmin marşrutun rəhbərliyinə xəbərdarlıq olunmalıdır. Orada qaraj müdiri, yəni nəzarətçi məsuliyyət daşıyır. Avtobus bu cür vəziyyətdə xəttə çıxmamalıdır. Bunu tənzimləmək üçün mexanizm və müəyyən tələblər var. Mənə elə gəlir ki, bu tələblərə əməl olunmasına da nəzarət edilməlidir. Qarajların, yəni daşıyıcı şirkətlərin bu qaydalara necə yanaşdığına və onlara necə əməl etdiyinə nəzarət olunmalıdır. Qaydaları pozurlarsa, təbii ki, məsuliyyətə cəlb edilməli və cərimələnməlidirlər ki, bir daha belə hallar təkrar olunmasın".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən