“Nişan düzgün yerləşdirilməyib” - Mütəxəssis sürücülərin cərimələndiyi həmin yerdən DANIŞDI
Bakıda Zaur Nudirəliyev küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşdirilən yol nişanı sürücülər arasında narazılıq yaradıb. Sürücülər nişanın dönmə zamanı göründüyünü və bu səbəbdən cərimələndiklərini bildiriblər. Onların sözlərinə görə, nişanı vaxtında görmək mümkün deyil.
Bəs bu nə dərəcədə düzgündür?
Mövzu ilə bağlı Redaktor.az-a danışan sürücülük üzrə mütəxəssis Azər Quliyev bildirdi ki, sözügedən yol ayrıcı ilə bağlı ona çoxlu videolar və şəkillər göndəriblər:
"Sürücülər nişanı görmədiklərini deyirlər. Düzdür, sürücülər nişanı görməlidirlər. Amma nişanlar da görünən formada qoyulmalıdır. Qanunda da bu qeyd edilir, Vyana Konvensiyasında da, beynəlxalq standartlarda da yol nişanlarının sürücülərə kifayət qədər məsafədən görünən olması tələb olunur. Hətta konvensiyanın 6-cı hissəsində yazılıb ki, yol nişanları sürücüləri çaşdırmamalıdır, yəni çaşqınlıq yaratmamalıdır. Bunu da bir kənara qoyaq. Məsələn, yolayrıcının tinində bu nişanı qoyuruqsa, onu müəyyən hündürlükdə yerləşdiririk. Adətən yaşayış məntəqəsində nişanlar yuxarıda, yaşayış məntəqəsindən kənarda isə nisbətən aşağıda qoyulur. Nişanlar yuxarıda yerləşdiriləndə isə sürücülər onu görməyə bilər.
Minik avtomobillərində, xüsusilə yastı avtomobillərdə həmin yolayrıcında sürücünün gözü, demək olar ki, solda olur. Sürücü bir fürsət tapır, bir saniyə ərzində uzaqda olan avtomobilin məsafəsini nəzərə alaraq tez yolayrıcına dönüb sağa keçir. Yəni demək olar ki, sürücü orada sağa baxa bilmir. Ötəri sağa baxır ki, zolağı düzgün tutsun, sağdan kimsə vurmasın. Gözü solda olur, boynunu çevirib əsasən sola baxır. O nişanı görməməsi normaldır. Nişanın yanından keçən kimi sürücü qarşısına baxır ki, avtobus zolağı yoxdur, zolağa düzəlib və yolun sağına keçib. Yerdə nişanlanma xətti də olsa, heç olmasa görünən formada olmalıdır. Sürücü onu görüb fürsət taparaq həmin zolaqdan çıxa bilər. Ona görə də o nişanı yolayrıcından ən azı 5 metr kənara çəkmək lazımdır. Bu məsafə 6 metr, 7 metr, hətta 10 metr də ola bilər. Zatən orada 3-4 metr hərəkət etməklə avtobusa mane olmayacaqlar".
Ekspertin sözlərinə görə, qanunun 48-ci maddəsində də yazılır ki, avtobus zolağına yola çıxarkən, yəni yola düzələrkən daxil olub çıxmaq mümkündür.
"Yəni sürücü həmin zolağa girib çıxmalıdır. Bu şərait yaradılmalıdır. Həmin şəraiti yaratdıqdan sonra qarşımıza bir 5.9 nişanı, yəni avtobus zolağı nişanı qoyulsun. Sürücü orada zolağa daxil olduqdan sonra görsün ki, avtobus zolağı var, davam etməsin, dönmə siqnalını sola yandırsın və sol zolağa keçsin. Ona görə də həmin nişanı orada qoyanda o yolda hərəkət edənlər görə bilər. Amma o yola dönənlər, həmin yola çıxanlar o nişanı görməyə bilər. Nişanı görmədikdə isə bütün məsuliyyət sürücünün üzərinə qoyulmamalıdır. Çünki normaldır ki, orada istənilən avtomobil, hətta mütəxəssis olsa belə, həmin nişanı görməyə bilər. Tanıyanlar, cərimələnənlər, əlbəttə ki, artıq orada vərdiş edəcəklər ki, bu yerdə avtobus zolağı var. Amma bilməyənlər, xəbərsiz sürücülər orada, əlbəttə, bu qaydanı pozacaqlar. Bu da sürücülər tərəfindən “tələ” kimi qələmə verilir. Hər kəs deyir ki, yol nişanları tələ məqsədilə qoyulur və s. Əslində onu quran insanlar məqsədli şəkildə tələ yaratmaq üçün qoymayıblar. Sadəcə olaraq nişanlar mütəxəssis nəzarəti ilə düzgün yerləşdirilməyib. Ona görə də sürücülər belə hallarla rastlaşırlar. Bunun da əziyyətini və problemini ən çox sürücülər görür. Çünki onlar cərimələnirlər. Yəni bunu işıqlandırmasaydılar, yəqin ki, çox insan orada davamlı olaraq analoji halı təkrarlayacaqdı", - deyə Azər Quliyev yekunlaşdırdı.
NURİYYƏ













