“Qayanın səthinə böyük ziyan dəyir” – Şuşadakı yazıların silinməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Şuşada turistlərin qaya daşlarının üzərinə boya ilə yazdığı yazılar silinir. Lakin tarixi şəhərin qayalarından bu yazıların təmizlənməsi heç də asan başa gəlmir. Metal alətlərlə aparılan təmizləmə zamanı qayaların səthi zədələnir, əvvəlki görünüşü dəyişir və gələcəkdə çatlama, ovulma və dağılma riski yaranır.
Bəs turistlərin yazdığı həmin yazılar artıq tamamilə silinibmi və bu proses Şuşanın tarixi qayalarına nə qədər zərər vurur?
Mövzu ilə bağlı Redaktor.az-ın sorğusuna cavab olaraq Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Beynəlxalq münasibətlər və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova bildirdi ki, o qayalardakı yazılar yavaş-yavaş silinir:
"Hissə-hissə silinir. Çünki, əfsuslar olsun ki, kifayət qədər çox yazılar yazılıb. Onların bir hissəsi silinib, bir hissəsi isə hər gün müəyyən qədər təmizlənir və demək olar ki, artıq orada heç nə qalmayıb. Unutmaq olmaz ki, Şuşa şəhəri qoruq ərazisidir və biz heç vaxt orada şəhərin zibillənməsinə, memarlığına ziyan dəyilməsinə biganə qala bilmərik. Bu yoverilməzdir. Bizi məyus edən məqam həmin qayaların silinməsi prosesidir. Videoları biz ona görə göndərmişdik ki, cəmiyyət görsün, o qayalar necə silinir. Bu, sadəcə olaraq əlinə əski alıb qayanın üstünü silmək deyil. Onlar dəmir laqonda ilə silinir. Dəmir laqonda ilə silinəndə, nə qədər çalışsaq da, qayanın əvvəlki görünüşünü saxlamaq olmur. Çünki qaya yonulur və bu proses istər bir yazı olsun, istər 10 yazı olsun, artıq qayanın ümumi xarici görünüşünə təsir edir. Məsələn, Qala qapısına gedəndə yerdə qədimdən qalan daşlar var. Görürsünüz ki, üstü bir qədər sürüşkəndir, səthi müəyyən qədər dəyişib. Coğrafi və təbii proseslər də zamanla onun görünüşünə təsir edib. Amma buna baxmayaraq, öz orijinallığını qoruyub.

Amma sən əlinə laqonda alıb oranı təmizləyəndə, birincisi, qayanın əvvəlki rəngi qalmır. İkincisi, qayanın səthinə böyük ziyan dəyir. Üçüncüsü, qayada nazikləşmə gedir. Allah eləməsin, sabah bu proses təkrarlananda artıq qayaların çatlama, ovulma və dağılma təhlükəsi yaranır. Problem odur ki, bu, tarixdir. Bu tarixə biz belə yanaşa bilmərik. Bu, şəhidlərimizin qanı və canı bahasına alınan torpaqlarımızdır. Bu torpaqlar alınanda hansısa hissə deyil, bütöv bir məkan ağacı, daşı, divarı, qayası, Cıdır düzü ilə birlikdə bütöv bir Şuşa alınıb. Biz bunu bu qədər korlamamalıyıq. Mənə ən təsir edən məqam odur ki, bunu etməklə insanlar nəyə nail olurlar? Niyə biz insanların can qoyduğu, qan qoyduğu və bizə tərtəmiz təhvil verdiyi bir tarixi məkanı qorumaq əvəzinə, əksinə, özümüz oranı korlayırıq? Bir-birimizə “oranı niyə zibilləyirsən?”, “niyə ora nəsə atırsan?”, “niyə qayanın üstünə yazırsan?” demək əvəzinə, özümüz bu ərazilərə zərər vururuq. Axı biz bunu gələcək nəsillərə miras ötürəcəyik. Nə ilə ötürəcəyik o mirası? Bunları düşünmək lazımdır".
NURİYYƏ













