Daşkəsən küçələrində təhlükə: sahibsiz itlər dəstə ilə dolaşır - FOTO
Daşkəsən şəhərində sahibsiz itlərin sayı təhlükəli həddə çatıb. Şəhərin müxtəlif ərazilərində, xüsusilə yaşayış məntəqələrinin yaxınlığında dəstə halında gəzən çoxsaylı sahibsiz itlər sakinlər arasında ciddi narahatlıq yaradıb.
Redaktor.az xəbər verir ki, sakinlərin sözlərinə görə, küçələrdə nəzarətsiz dolaşan itlər həm uşaqlar, həm də böyüklər üçün real təhlükə yaradır.
Sakinlər bildirirlər ki, xüsusilə səhər və axşam saatlarında vəziyyət daha da gərginləşir. Onların sözlərinə görə, bəzi itlər insanlara qarşı aqressiv davranır, küçədən keçən şəxslərin arxasınca düşür və insanları qorxu içində qoyur.
Sakinlərin əsas narazılığı isə sahibsiz itlərin sayının artmasına baxmayaraq, problemin qarşısının alınması istiqamətində lazımi tədbirlərin görülməməsi ilə bağlıdır. Onlar hesab edirlər ki, küçə itlərinin insanlara hücum etməsinin və təhlükə yaratmasının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görülməli, heyvanlara baytarlıq nəzarəti təmin edilməlidir.
Bəzi sakinlər iddia edirlər ki, itlərin insanlara hücum etməsinin qarşısını almaq məqsədilə onlara xüsusi iynələr vurulmalıdır. Onların sözlərinə görə, bu istiqamətdə tədbirlərin görülməməsi küçələrdə itlərin nəzarətsiz şəkildə artmasına səbəb olur.
Sakinlər vurğulayırlar ki, problemin həlli yalnız sahibsiz itlərin küçələrdən yığışdırılması ilə məhdudlaşmamalıdır. Onların fikrincə, heyvanların müayinəsi, sterilizasiyası, peyvəndlənməsi və təhlükəli davranış göstərən itlərlə bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi vacibdir.
Sakinlərin narahatlığını daha da artıran məqam isə məktəblərin fəaliyyətə başlamasıdır. Hazırda azyaşlı uşaqlar hər gün məktəbə gedib-gəlir. Sakinlər hesab edirlər ki, küçələrdə dəstə halında dolaşan sahibsiz itlər uşaqlar üçün ciddi təhlükə yarada bilər.
Daşkəsən sakinləri aidiyyəti qurumlardan problemin nəzarətə götürülməsini və sahibsiz itlərlə bağlı təxirəsalınmaz tədbirlər görülməsini tələb edirlər.
Mövzu ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa cəhd etdik. Lakin müraciətlərimizə cavab verilmədi.
NURİYYƏ




















