"Həmin qayalarda şəhidlərimizin, qazilərimizin qəhrəmanlıq izləri var" - Deputatdan ÇAĞIRIŞ
"Şuşa bizim tariximiz, mədəniyyətimiz və kimliyimizin əsas simvollarından biridir. Heç də təsadüfi deyil ki, Şuşa cənab prezidentin imzaladığı qanunla Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Bu gün Şuşanın tarixi, gözəlliyi və inkişafı dünyanın diqqətindədir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında deputat Aydın Mirzəzadə səsləndirdi.
O, təəssüflə vurğuladı ki, son dövrlərdə Şuşanın qayalıqlarına adların yazılması ilə bağlı bəzi şəkillərə rast gəlinir:
"Mən istəməzdim ki, belə hallar baş versin. Buna görə də geniş təbliğat aparmaq lazımdır. Kütləvi informasiya vasitələrində, müxtəlif görüşlərdə, Şuşaya səfər edən insanlar arasında bu istiqamətdə maarifləndirmə aparılmalıdır. Həmin qayalarda bizim şəhidlərimizin, qazilərimizin qəhrəmanlıq izləri var. Həmin qayalarda bizim tariximiz var. Bu baxımdan belə hərəkətlərdən hər kəsin çəkinməsini, tarixi simvollarımıza, qəhrəmanlıq və igidlik rəmzlərimizə hörmətlə yanaşılmasını istərdim. Belə bir yol da etmək olar. Həmin yerlərin yaxınlığında xüsusi lövhələr quraşdırmaq mümkündür. Kim nə yazmaq istəyirsə, həmin lövhələrdə yaza bilər. Vaxtaşırı həmin lövhələr dəyişdirilə bilər. Beləliklə, insanlar öz fikirlərini yazmaq imkanına malik olarlar, tarixi qayalara isə zərər dəyməz. Ümumən götürdükdə, Şuşanı qorumaq hər birimizin borcudur. Şuşa hər birimizindir. Bu baxımdan, bu məsələnin ciddi şəkildə ictimai müzakirəyə çıxarılmasına ehtiyac var".
NURİYYƏ













