“Şəhidlik həm də Elm Şuşasını fəth etməklə qazanılır!” - Zahid Oruc
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevin rəhbərliyi ilə şəhid övladları, tələbə və məktəblilərlə görüş keçirilib.
Redaktor.az xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin deputatı Zahid Oruc şəhid övladlarının təhsil sahəsində qazandığı uğurlardan, Azərbaycanın Vətən müharibəsindən sonra qarşısında açılan yeni imkanlardan, gənclərin elm və texnologiya sahəsində üzərinə düşən vəzifələrdən danışıb.
Deputat bildirib ki, ali məktəbə qəbul olunan gənclərin uğurunun dövlət səviyyəsində qeyd edilməsi yalnız tələbələrin sevincinin bölüşülməsi kimi qiymətləndirilməməlidir:
“Ali məktəbə qəbul olunan gənclərin uğurunu dövlətimiz tərəfindən təntənə ilə qeyd edilməsi təkcə on minlərlə tələbənin sevincini bölüşmək hadisəsi kimi qəbul edilməməlidir, daha çox gələcəyimizi birlikdə quracağımız yeni nəslə xalqımızın çoxəsrlik tarixini, mədəniyyətini, yaratdıqları zəngin irsi, arzu və istəklərini çatdırmaq deməkdir”.
Zahid Oruc xüsusi vurğulayıb ki, bu uğurların içərisində şəhid ailələrinin övladlarının qazandığı nəticələr ikiqat qürur doğurur.
“Çünki müqəddəs şəhidlər Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, xalqımızın azad və qalib ölkədə yaşaması naminə canlarından keçərək ən uca zirvələrə yüksəliblər. Onlar torpaqlarımızı azad etməklə gələcək nəsillərin bütöv bir Vətəndə yaşayacağı uğrunda döyüşürdülər”.
Deputatın sözlərinə görə, şəhidlərin apardığı mübarizə ilə onların qardaş və bacılarının elm və təhsil sahəsində əldə etdikləri uğurlar eyni dövlətçilik idealına xidmət edir:
“Azərbaycanın güclü, firavan və gələcəyinə özü sahib olan dövlət kimi yaşasın!”
Zahid Oruc qeyd edib ki, Vətən müharibəsindən sonra Azərbaycanda yeni bir nəsil yetişir. Bu nəslin Qarabağla bağlı təsəvvürlərinin əvvəlki nəsillərdən fərqli olduğunu deyən deputat bildirib:
“Qarabağı işğal altında görməyən, ‘məcburi köçkünlük’ duyğusunu yaşamayan, yurd həsrətini, illərlə ata-baba torpağına qayıda bilməməyin ağrısını əvvəlki nəsillər qədər hiss etməyən yeni milli kimlik qazanılıb. Qalib Azərbaycanın övladları kimi böyümək fəxarətli bir duyğudur”.
O bildirib ki, uzun illər ərzində Qarabağ məsələsi Azərbaycanın uşaqlarının həyatında işğal, məcburi köçkünlük və yurd həsrəti ilə bağlı ağır reallıq kimi öyrənilib.
“Uzun illər uşaqlarımız Qarabağ haqqında işğal altında olan torpaq kimi məruz qaldığımız humanitar, iqtisadi və sosial çətinliklərdən dərslik kimi yaşayır, çıxış yollarını məktəblərdə öyrənirdilər. Bir milyonadək insanın doğma yurdundan didərgin düşməsi bütöv bir nəslin mübarizəsinə çevrilmişdi”.
Millət vəkili bu mübarizənin nəticəsinin Azərbaycanın qalib dövlətə çevrilməsi olduğunu deyib:
“Aparılan dövlət siyasəti ən uğurlu nəticəyə – xalqımızın iyirmi birinci əsrin tək qalib millətinə çevirdi”.
Deputatın sözlərinə görə, bu gün ali təhsilə qədəm qoyan gənclərin Qarabağ haqqında təsəvvürü də dəyişib:
“İndi ali təhsilə qədəm qoyan on minlərlə gənc Şuşanı fəth edilən Zirvə kimi öyrənir, təbliğ edir və dünyaya yayırlar. Xankəndi artıq separatizmin ünvanı kimi göstərilmir, Azərbaycan suverenliyinə tam qovuşduğu məkan kimi tərənnüm olunur”.
Zahid Oruc çıxışında Azərbaycanın elm tarixindən də danışıb. O qeyd edib ki, ötən əsrdə Azərbaycan üçün ali təhsilli insanların sayı olduqca məhdud idisə, bu gün ölkə gəncləri dünyanın aparıcı universitetlərində təhsil almaq imkanına malikdir:
“Yüz il əvvəl Azərbaycanda ali təhsilli insanlarımızın sayı cəmi 102 nəfər təşkil edirdi. Bir əsrdən sonra ölkəmiz dünyanın aparıcı elm və təhsil mərkəzlərinə minlərlə gənc göndərir. İndi miqyas və məqsədlər tamamilə başqadır”.
Deputat 2026/2027-ci tədris ili üzrə xaricdə təhsilə dair Dövlət Proqramının göstəricilərini də diqqətə çatdırıb. Bildirib ki, proqramın əhatə dairəsinə 33 ölkənin 231 nüfuzlu ali təhsil müəssisəsində 4121 proqram daxil edilib. 125 bakalavr, 353 magistr və 22 doktorant olmaqla 500 Azərbaycan gənci Dövlət Proqramının təqaüdçüsü adını qazanıb. Onlardan 155 nəfəri dünyanın ən nüfuzlu ilk 10 universiteti sırasında yer alan ali məktəblərdə, o cümlədən Stanford, MIT, Oksford, Harvard, Yale, Berkeley və ETH Zürich kimi universitetlərdə təhsil alacaq.
Zahid Oruc təhsil siyasətinin Azərbaycan dövlətçiliyində xüsusi yer tutduğunu bildirib və Heydər Əliyevin məşhur “Təhsil millətin gələcəyidir” fikrini xatırladıb.
“Ulu öndər elmi və təhsili müstəqil dövlət quruculuğunun tükənməz sərvəti, milli mədəniyyətin və intellektual kimliyin dayağı kimi görürdü”.
Millət vəkili Azərbaycan elminin müxtəlif dövrlərdə dünya elminə verdiyi töhfələrdən də söz açıb. Nəsirəddin Tusinin, akademik Yusif Məmmədəliyevin, Lütfi Zadənin, Xudu Məmmədovun və Azad Mirzəcanzadənin adlarını çəkən Zahid Oruc XXI əsrin Azərbaycanının dünya elminə hansı yeni adları verəcəyinin üzərində düşünməli olduğunu deyib.
“XXI əsrin Azərbaycanı dünya elminə hansı yeni adları verəcəyi üzərində düşünməliyik. Parlaq Qələbəmiz özü ilə bərabər, yeni məsuliyyət də gətirir”.
Onun sözlərinə görə, işğal dövrünün gəncliyindən torpaqları azad etmək tələb olunurdusa, qalib Azərbaycan nəslinin qarşısında Zəfəri uzunmüddətli milli ideologiyaya və həyat amalına çevirmək vəzifəsi dayanır.
Zahid Oruc bildirib ki, Azərbaycanın siyasi tarixində də yeni mərhələ formalaşır. Onun sözlərinə görə, sentyabr ayında başlayan 44 günlük Vətən müharibəsi və sentyabrın 20-də əldə edilən Xankəndi Zəfəri dövlət suverenliyinin bərpası ilə nəticələnib:
“Millətimizin yeni siyasi təqvimi formalaşır”.
Deputat çıxışında Nobel mükafatı laureatı, dünya şöhrətli türk alimi Əziz Səncərin həyat yolunu da gənclər üçün nümunə göstərib. O bildirib ki, sadə və çoxuşaqlı ailədə böyüyən Səncər davamlı zəhmət, məqsədyönlü çalışma və elmi intizam sayəsində dünya elminin zirvəsinə yüksəlib.
“Nobel mükafatı on illərdə qazanılan biliyin, aparılan tədqiqatların etnik, coğrafi və siyasi sərhədləri aşaraq uğura çatılmasının simvoludur”.
Zahid Oruc Əziz Səncərin Azərbaycanla bağlı fikirlərinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, Prezident İlham Əliyevin alimin fəaliyyətinə verdiyi yüksək qiyməti, onun xüsusi mükafatla təltif olunmasını və Azərbaycana səfərlərini dövlətin elmə diqqət və qayğısının nümunəsi kimi dəyərləndirib.
Deputat Əziz Səncərin Qarabağ uğrunda döyüşən Azərbaycan əsgərlərinin fədakarlığı ilə bağlı fikirlərinə də toxunub. O, alimin öz elmi xidmətlərini Vətən uğrunda canından keçən Azərbaycan əsgərinin fədakarlığı ilə müqayisə etməsini xüsusi məqam kimi qeyd edib.
“Bəli, mən dünya elminə xidmət etmişəm. Lakin məndən soruşsanız, Qarabağı azad etmək üçün canını verən azərbaycanlı əsgərlərimiz mənim qədər türklük üçün fədakarlıq etmişdir. Bunu heç vaxt unutmayın”.
Zahid Oruc bildirib ki, millətin gücü yalnız elm adamlarının, əsgərlərin və ya siyasətçilərin fəaliyyəti ilə məhdudlaşmır:
“Xalqı qüdrətli edən milyonlarla fərqli peşə, sənət və ixtisaslara malik, lakin vahid amallar uğrunda mübarizəyə qalxmağı bacaran insanların birliyindən doğulur”.
Deputat Əziz Səncərin Qarabağın azad edilməsini Türk dünyası üçün dönüş nöqtəsi adlandırdığını, bundan sonrakı böyük vəzifəni isə elm və sivilizasiya sahəsində qabaqcıl dövlətlərin səviyyəsinə çatmaqda gördüyünü bildirib.
“O, Qələbədən sonra qarşıda dayanan əsas vəzifəni keçmişlə fəxr etməklə məhdudlaşdırmır. Əksinə, deyir ki, bundan sonra elm və sivilizasiya sahəsində dünyanın qabaqcıl dövlətləri ilə rəqabət aparacaq səviyyəyə gəlməliyik”.
Zahid Oruc vurğulayıb ki, Azərbaycanın qarşısında artıq yeni mərhələ dayanır:
“Həqiqətən torpaqlarımızın azad olunması böyük tarixi mərhələni başa çatdırdı. İndi Azərbaycan gəncliyinin qarşısında prezident İlham Əliyevin dediyi kimi, yeni era-mərhələ başlanır: dünyanın ən güclü universitetləri, laboratoriyaları, texnologiya şirkətləri, elmi mərkəzləri və intellektual iqtisadiyyatları ilə rəqabət yarışını qazanmaq gərəkdir”.
Onun sözlərinə görə, dördüncü sənaye inqilabı və süni intellekt dünyada yeni reallıqlar yaradır. Buna görə də Azərbaycan gəncliyi yalnız mövcud bilikləri mənimsəməklə kifayətlənməməli, qlobal rəqabətin yeni çağırışlarına hazır olmalıdır.
Deputat Əziz Səncərin Türk dünyasının gəncləri ilə bağlı fikirlərini də xatırladıb:
“Biz Türk dünyası olaraq böyük insan gücünə sahibik. Çox istedadlı gənclərimiz var. Bu gənclərə imkan verib onları elmə yönəltsək və çalışmalarını təşviq etsək, Türk dünyasının elmdə dünyanın ən qabaqcıl səviyyəsinə çata biləcəyinə inanıram”.
Zahid Oruc qeyd edib ki, bu fikir yalnız gənclərə müraciət kimi deyil, universitetlər, müəllimlər, elmi qurumlar və bütövlükdə cəmiyyət üçün proqram kimi qəbul edilməlidir.
“İstedadın olması kifayət etmir, elmi nailiyyətin üzə çıxması üçün imkan, keyfiyyətli təhsil, laboratoriya, müəllim, beynəlxalq əlaqələr və yaradıcı mühit lazımdır”.
Millət vəkili Azərbaycan gənclərinin dünyanın aparıcı universitetlərində mühəndislik, tibb, süni intellekt, iqtisadiyyat, hüquq, energetika, biologiya və beynəlxalq münasibətlər kimi müxtəlif istiqamətlər üzrə təhsil aldığını qeyd edib.
O bildirib ki, müasir dünyada dövlətlər artıq yalnız ərazi və təbii sərvətlərlə rəqabət aparmır:
“Süni intellekt, biotexnologiya, kvant texnologiyaları, enerji keçidi, kibertəhlükəsizlik, robototexnika, yeni materiallar, kosmos sənayesi və yüksək məhsuldarlıqlı iqtisadiyyat dövlətlərin yeni güc ölçülərinə çevrilir”.
Zahid Oruc universitetlərin də rolunun dəyişdiyini bildirib:
“Universitetlər diplom verən müəssisələr kimi əlahiddə status daşımır, əsas məqsəd dövlətlərin strateji üstünlük istehsal etdiyi elmi mərkəzlərdir”.
Onun sözlərinə görə, yüksək səviyyəli təhsil alan hər bir gənc Azərbaycanın gələcək elmi, iqtisadi və idarəetmə potensialının bir hissəsidir. Şəhid övladlarının uğuru isə bununla yanaşı xüsusi mənəvi məna daşıyır.
Deputat şəhidlərin böyük hissəsinin ailə həyatı qurmağa macal tapmadan Vətən uğrunda canından keçdiyini xatırladıb:
“Qəhrəmanların arasında 18, 19, 20 yaşında həyatdan gedən gənclərimiz çox olub. Özlərinin universitet arzusu, peşə istəyi, quracaqları ailə, böyüdəcəkləri övladlar, yaşayacaqları həyat yarımçıq qalıb”.
Zahid Oruc bildirib ki, bu səbəbdən şəhid ailələrinin övladlarının əldə etdiyi hər bir uğurun mənəvi çəkisi fərqlidir:
“Onlar ata və analarının, ailələrinin və bütövlükdə Vətənin keşiyində məhz elm və təhsil səngərində döyüşmək missiyasını qəbul edirlər”.
Millət vəkili XXI əsr Azərbaycan gəncinin qarşısında daha böyük məqsədlər qoymalı olduğunu deyib:
“Yeni bilik yaratmaq, beynəlxalq elmi jurnallarda dərc olunmaq, patent almaq, texnologiya yaratmaq, qlobal şirkət qurmaq, dövlət idarəçiliyində yeni həllər təklif etmək, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında iştirak etmək, Azərbaycanın dünyada intellektual nüfuzunu artırmaq olmalıdır”.
Zahid Oruc Əziz Səncərin “elm yaradacağıq” fikrinin mühüm çağırış olduğunu vurğulayıb:
“Çünki elmi öyrənmək başqa işdir, elm yaratmaq fərqli çalışmaqdır”.
O bildirib ki, hərbi və siyasi suverenlikdən sonra Azərbaycanın qarşısında elmi, texnoloji və intellektual suverenliyin gücləndirilməsi vəzifəsi dayanır:
“Qələbəni elmi və təhsil Zəfərinə çevirmək üçün hərbi və siyasi suverenliyin ardınca elmi, texnoloji və intellektual suverenliyi gücləndirmək gərəkdir”.
Deputat bir daha vurğulayıb ki, Qarabağ Qələbəsini yalnız keçmişlə fəxr etmək səviyyəsində saxlamaq olmaz:
“Deməli, Qələbəni yalnız tarix kimi qorumaq yox, onu inkişaf enerjisinə çevirmək lazımdır”.
Zahid Oruc bu inkişafın müxtəlif peşə sahiblərinin birgə fəaliyyəti ilə mümkün olacağını bildirib:
“Əsgərin qazandığı ərazini mühəndis qurmalıdır, azad edilmiş şəhərdə həkim vətəndaşın sağlamlığının keşiyində durmalıdır, müəllim xüsusi təyinatlı nəsil yetişdirməlidir, iqtisadçı yeni inkişaf modeli qurmalıdır, memar yeni şəhərləri hər bir infrastrukturu ilə uğurla çalışan bir arxitekturada layihələndirməlidir”.
Deputatın sözlərinə görə, Vətən müharibəsi qəhrəmanlarının torpaq uğrunda verdiyi cavabdan sonra yeni nəslin qarşısında başqa sual dayanır:
“Əgər Vətən müharibəsinin qəhrəmanları ‘torpaq kimindir?’ sualına öz həyatları ilə cavab verdilərsə, müasir Azərbaycan gəncliyi ‘qalibiyyəti necə qoruyacağıq və gələcəkdə hansı dövləti quracağıq?’ sualına öz bilikləri və fəaliyyətləri ilə cavab verməlidir”.
Zahid Oruc şəhid övladlarına müraciət edərək onların gələcəkdə tamamilə fərqli Azərbaycanda yaşayacağını bildirib:
“Sizin nəslinizin qarşısında bizdən fərqli Vətən olacaq – işğalsız, qalib Azərbaycan!”
Deputat Əziz Səncərin Qarabağ şəhidlərinə həsr etdiyi fikirləri də xatırladıb:
“Qarabağ müharibəsində şəhid, qazi olan övladlarımızı, qardaşlarımızı heç vaxt unutmayın”.
Zahid Orucun sözlərinə görə, şəhidlərimizi xatırlamağın ən yüksək forması azad edilmiş torpaqları və Böyük Qayıdışla bütövləşən Vətəni daha güclü etməkdir.
“Ən böyük imtahandan alnıaçıq çıxan və ən yüksək qiymət alan şəhidlərimizlə sizin qazandığınız ballar və gələcəkdə millətimizə xidmətlə əldə etdiyiniz nailiyyətlər vahid bir məqsəddə birləşir”.
Deputat çıxışının sonunda şəhidlərin yarımçıq qalan arzularının yeni nəslin imkanlarına çevrilməli olduğunu bildirib:
“Qəhrəman oğul və qızlarımızın ala bilmədiyi diplomları qazanmaq, görə bilmədikləri şəhərləri qurmaq, çata bilmədikləri elmi zirvələri fəth etmək və nəhayət, həyata keçirə bilmədikləri arzuları yeni nəslin imkanlarına çevirmək yeni millət quruculuğunun əsas idealıdır”.
Zahid Oruc çıxışını belə yekunlaşdırıb:
“Şəhidlik həm də Elm Şuşasını fəth etməklə qazanılır!”
O, görüş iştirakçılarına bu müqəddəs yolda uğurlar arzulayıb.
T.İSMAYIL

















