Nazirlər Kabineti Naxçıvanla bağlı 3 qərarda dəyişiklik ETDİ
Azərbaycan Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında edilmiş dəyişikliklərin icrası ilə əlaqədar bəzi qərarlara dəyişiklik edib.
Redaktor.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”ndan “Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatı” sözləri çıxarılıb.
Bununla yanaşı, Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda da dəyişiklik edilib.
Qərara əsasən, həmin Siyahının 3-cü hissəsinin altıncı abzası ləğv olunub.
Digər dəyişiklik isə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsinə edilib.
Belə ki, Nazirlər Kabinetinin 2025-ci il 12 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsinin 1.3-cü bəndindən “və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin” sözləri çıxarılıb.
Qeyd edək ki, qərar “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli Konstitusiya Qanununun icrasını təmin etmək məqsədilə qəbul edilib.
Qərar 9 sentyabr 2026-cı ildə Baş nazir Əli Əsədov tərəfindən imzalanıb.
T.İSMAYIL













