“Azəristiliktəchizat”ın fəaliyyət istiqamətləri dəyişdirildi
Nazirlər Kabineti “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətini tənzimləyən Nizamnamədə dəyişiklik edib.
Redaktor.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərar “İstilik təchizatı haqqında” 2025-ci il 24 iyun tarixli Qanunun icrasını təmin etmək məqsədilə qəbul olunub.
Dəyişikliyə əsasən, “Azəristiliktəchizat” ASC-nin Nizamnaməsində cəmiyyətin fəaliyyət istiqamətləri ilə bağlı bir sıra müddəalar yenilənib.
Belə ki, Nizamnamənin müvafiq bəndindən “nəqli” sözü çıxarılıb.
Bəzi fəaliyyət istiqamətlərində isə “təchizat” sözünün qarşısına “istilik” sözü əlavə edilib. Bununla həmin fəaliyyətlərin məhz istilik təchizatı ilə bağlı olduğu Nizamnamədə daha dəqiq göstərilib.
Bundan başqa, Nizamnamənin bəzi bəndlərindən “enerjisi” sözü çıxarılıb və həmin müddəalarda da “istilik təchizatı” ifadəsi tətbiq edilib.
Nizamnamənin “Qeyd” hissəsi də ləğv olunub.
Qərarla həmçinin “Azəristiliktəchizat” ASC-nin Nizamnaməsinin təsdiq edilməsi haqqında 2005-ci il tarixli qərara yeni müddəa əlavə edilib. Həmin müddəaya əsasən, bu qərarda gələcəkdə dəyişikliklər müvafiq normativ hüquqi aktların hazırlanması və qəbul edilməsi qaydalarına uyğun həyata keçirilə bilər.
Qərarın əsas məqsədi “Azəristiliktəchizat” ASC-nin fəaliyyətini 2025-ci ildə qəbul edilmiş “İstilik təchizatı haqqında” Qanuna uyğunlaşdırmaqdır.
T.İSMAYIL













