Bakı üçün yeni ekoloji mərhələ: İqlim Həftəsindən gözləntilər
İqlim dəyişikliyi, qlobal temperatur artımı, su ehtiyatlarının azalması, ekstremal hava hadisələrinin çoxalması və şəhərlərdə ekoloji dayanıqlığın təmin edilməsi bu gün dünyanın qarşısında duran əsas problemlərdəndir. Xüsusilə böyük şəhərlərin iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşması, atmosferə atılan tullantıların azaldılması, yaşıl enerji mənbələrinə keçidin sürətləndirilməsi və təbii ekosistemlərin qorunması beynəlxalq gündəmin əsas istiqamətlərindən birinə çevrilib. Xəzər hövzəsində yerləşən Bakı da iqlim dəyişmələrinin yaratdığı çağırışlardan kənarda deyil. Su ehtiyatlarının qorunması, Xəzər dənizinin ekoloji vəziyyəti, istilik dalğalarının təsirlərinin azaldılması, yaşıllıq ərazilərinin artırılması və şəhər infrastrukturunun daha ekoloji və dayanıqlı qurulması paytaxt üçün xüsusi əhəmiyyət daşıyır.
Belə bir vaxtda Azərbaycanın iqlim diplomatiyasındakı fəallığının davam etdirilməsi və Bakının beynəlxalq iqlim müzakirələrinin əsas platformalarından birinə çevrilməsi diqqət çəkir. 7–11 sentyabr 2026-cı il tarixlərində Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) keçirilir.
İqlim həftəsi ilə bağlı Redaktor.az-a danışan deputat Rövşən Muradov bildirdi ki, Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin keçirilməsi paytaxtımızın qlobal iqlim diplomatiyasındakı mövqeyini möhkəmləndirən mühüm beynəlxalq hadisədir:
"COP29-a ev sahibliyi etmiş Bakı bu tədbirlə əldə olunan siyasi etimadı, təşkilati təcrübəni və beynəlxalq tərəfdaşlıq potensialını institusional üstünlüyə çevirir. Dövlətlərin rəsmi qurumlarını, beynəlxalq təşkilatları, alimləri, biznes dairələrini və vətəndaş cəmiyyətini bir araya gətirən həftə Bakının qlobal məsələlər üzrə dialoq və uzlaşma məkanı kimi nüfuzunu yüksəldir. İqlim həftəsinin əhəmiyyəti yalnız beynəlxalq tədbirə ev sahibliyi ilə məhdudlaşmır. Burada müzakirə olunan iqlim maliyyəsi, yaşıl texnologiyalar, enerji keçidi, su təhlükəsizliyi, dayanıqlı şəhər infrastrukturu və uyğunlaşma mexanizmləri Bakının gələcək inkişafı üçün praktik məzmun daşıyır. İsti hava dalğalarının təsirinin azaldılması, ictimai nəqliyyatın ekoloji səmərəliliyinin artırılması, binalarda enerji qənaətinin genişləndirilməsi, tullantıların müasir idarə edilməsi və Xəzər ekosisteminin qorunması kimi istiqamətlər paytaxtın şəhər siyasətinə bilik, texnologiya və investisiya imkanları qazandıra bilər".

Onun sözlərinə görə, bu platforma inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında maraqların yaxınlaşdırılması, iqlim öhdəliklərinin real layihələrə çevrilməsi və COP31 ərəfəsində icra yönümlü gündəliyin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır:
"Bakının enerji, nəqliyyat və rəqəmsal bağlantı qovşağı kimi imkanları müzakirələrə strateji dəyər verir. Şəhər burada formalaşan ideyaların regional miqyasda tətbiq edilən həllərə çevrildiyi strateji və praktik mərkəz statusu qazanır və uzunmüddətli tərəfdaşlıqlara zəmin yaradır. Tədbir, eyni zamanda, Bakının iqtisadi və sosial həyatına çoxşaxəli töhfə verir. Xarici nümayəndə heyətlərinin iştirakı turizm, mehmanxana, nəqliyyat, xidmət və tədbir sənayesində əlavə fəallıq yaradır, yerli şirkətlər üçün yeni əməkdaşlıq kanalları açır. Gənclərin, tədqiqatçıların və startapların beynəlxalq ekspertlərlə birbaşa təması ölkəmizdə yaşıl innovasiya ekosisteminin formalaşmasını sürətləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilmiş yaşıl artım və təmiz enerji prioritetləri fonunda Dördüncü İqlim Həftəsi Bakını regional təşəbbüslərin mərkəzi, Azərbaycanı isə qlobal iqlim gündəliyinin məsuliyyətli və təşəbbüskar iştirakçısı kimi təqdim edir. Beləliklə, tədbir şəhərin beynəlxalq brendini gücləndirməklə yanaşı, onun daha sağlam, dayanıqlı və rəqabətqabiliyyətli gələcəyinə xidmət edir".
Millət vəkili Naqif Həmzəyev də mövzu ilə bağlı danışarkən qeyd etdi ki, Bakı 2024-cü ildə COP29-a ev sahibliyi etmişdi, indi isə artan əhəmiyətli beynəlxalq platforma kimi qlobal iqlim gündəminə dair müzakirələrə ev sahibliyi edir. Deputatın fikrincə, bu, şəhərin təkcə bir dəfəlik tədbir keçirən yer deyil, davamlı iqlim diplomatiyası mərkəzi kimi qəbul edildiyini göstərir:
.jpg)
"Tədbirin əsas məqsədlərindən biri iqlim qərarlarının praktiki tətbiqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və COP31 ərəfəsində qlobal iqlim fəaliyyətinin daha da gücləndirilməsidir. Eyni tarixlərdə Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) 2026 da UNFCCC Regional Climate Week çətiri altında keçirilir. Bu, hökumətlər, iş adamları, investorlar, alimlər, vətəndaş cəmiyyəti və gənclər kimi müxtəlif iştirakçıları bir araya gətirir. Tədbir çərçivəsində hökumətlər, ekspertlər və dəstək təminatçıları siyasi impulsu artırmaq, praktiki həllər paylaşmaq və ölkələrin şəffaflıq hesabatlığını irəlilətmək üçün bir araya gəlirlər, xüsusən Paris Sazişinin Gücləndirilmiş Şəffaflıq Çərçivəsi (ETF) üzrə. Qısacası, bu tədbir Bakının iqlim diplomatiyasında etibarlı, davamlı mərkəz kimi imicini gücləndirir və şəhəri COP31-ə doğru gedən yolda əsas görüşmə nöqtəsi kimi mövqeləndirir".
NURİYYƏ
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.













