Evdə hazırlanan qidalara da nəzarət gəlir – Dövlət Proqramından YENİ DETALLAR

 16:05 10.09.2026     905

Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı yeni tədbirlər həyata keçiriləcək. Prezident İlham Əliyevin 2026-cı il 10 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Redaktor.az xəbər verir ki, Dövlət Proqramında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, laboratoriya xidmətləri, qida müəssisələrinə nəzarət, idxal-ixrac, sağlam qidalanma və rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı bir sıra konkret tədbirlər nəzərdə tutulub.

Proqrama əsasən, “Bitki sağlamlığı haqqında” və “Heyvan sağlamlığı haqqında” qanun layihələri hazırlanacaq. Həmin qanunlardan irəli gələn hüquqi akt layihələri də hazırlanaraq qəbul olunması üçün aidiyyəti üzrə təqdim ediləcək.

Qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarların normativ tələblərlə bağlı maarifləndirilməsi də gücləndiriləcək.

 

Qida müəssisələrinin 80 faizində HACCP tətbiq olunacaq

 

Dövlət Proqramının ən diqqətçəkən istiqamətlərindən biri qida müəssisələrinə nəzarətin gücləndirilməsidir.

Belə ki, qida müəssisələrinin 80 faizində HACCP-a əsaslanan daxili nəzarət sisteminin tətbiqinə nail olunması hədəflənir.

Bundan başqa, qida məhsullarının qanunsuz küçə ticarətinin qarşısının alınması istiqamətində nəzarət gücləndiriləcək.

Ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qida məhsullarının bazara çıxarılması ilə bağlı isə ayrıca tənzimləmə mexanizmi formalaşdırılacaq.

Qida obyektlərinin tikintisi ilə bağlı preventiv qida təhlükəsizliyi nəzarəti mexanizmi yaradılacaq. Allergenlərin etiketlənməsinə nəzarət də gücləndiriləcək.

Həmçinin qida, baytarlıq və fitosanitar nəzarəti sahələrində qadağan olunmuş malların vahid siyahısı hazırlanaraq Agentliyin rəsmi internet resursunda yerləşdiriləcək.

Qida zəhərlənmələri zamanı ilk yardım göstərilməsinə dair təlimat da hazırlanaraq təsdiq ediləcək.

 

Qida məhsulları istehsaldan istehlakçıya qədər izlənəcək

 

Dövlət Proqramında qida təhlükəsizliyinə nəzarətdə rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi də nəzərdə tutulub.

Belə ki, qida məhsullarının istehsaldan son istehlakçıya qədər bütün mərhələlərdə izlənilməsi üçün vahid izləmə altsistemi yaradılacaq.

Pilot layihə çərçivəsində 50 qida subyektinin bu proqram təminatına qoşulması təmin ediləcək.

Qida məhsullarının saxtalaşdırılmasının qarşısının alınması üçün radiotezlikli identifikasiya və IoT kimi texnologiyalardan istifadənin təşviqi planlaşdırılır.

Bundan başqa, qida təhlükəsizliyi ilə bağlı risklərin və potensial problemlərin təhlilinə imkan verən süni intellekt modeli tətbiq ediləcək.

Aidiyyəti dövlət qurumlarının informasiya sistemləri arasında məlumatların real vaxt rejimində ötürülməsi də təmin olunacaq.

 

Yeni laboratoriya kompleksi yaradılacaq

 

Dövlət Proqramına əsasən, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində fəaliyyət göstərən dövlət laboratoriyaları təkmilləşdiriləcək, onların müayinə imkanları genişləndiriləcək.

Eyni zamanda yüksək biotəhlükəsizlik tələblərinə cavab verən laboratoriya kompleksi və vivarium yaradılacaq.

Yeni metodların tətbiqi və analitik sınaqların sayının artırılması da gözlənilən nəticələr sırasında yer alır.

 

Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılacaq

 

Heyvan sağlamlığı ilə bağlı da bir sıra tədbirlər nəzərdə tutulub.

Belə ki, Naxçıvan iqtisadi rayonunda dabaq xəstəliyindən azad zonanın yaradılması planlaşdırılır.

Heyvanların identikləşdirilməsi prosesi davam etdiriləcək, nəticədə onların sağlamlığının və heyvan mənşəli məhsulların izlənilməsi mümkün olacaq.

Sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək.

Bundan başqa, heyvandarlıqda istifadəsi qadağan edilən aktiv maddələrin siyahısı müəyyənləşdiriləcək.

İri və xırdabuynuzlu heyvanların erkən yaşda kəsilməsinin qarşısının alınması üçün maarifləndirmə tədbirləri görüləcək. Yaş, çəki və cinsə görə heyvanların kəsiminin tənzimlənməsi ilə bağlı beynəlxalq təcrübə araşdırılacaq və təkliflər hazırlanacaq.

Baytarlıq mütəxəssislərinin qeydiyyatı və sertifikatlaşdırılması mexanizmi də formalaşdırılacaq.

 

Bitkilərə zərər vuran kimyəvi maddələrin istifadəsi azaldılacaq

 

Bitki sağlamlığı sahəsində zərərli orqanizmlərdən azad 4 zona, istehsal yeri və ya istehsal sahəsinin müəyyən edilməsi nəzərdə tutulub.

Kənd təsərrüfatında zəhərli kimyəvi maddələrin istifadəsinin azaldılması və alternativ bioloji üsulların tətbiqinin genişləndirilməsi təşviq ediləcək.

Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin dövriyyəsinin izlənilməsi üçün AQTİS-də xüsusi altsistem yaradılacaq.

 

Bal və yumurtanın ixracı genişləndiriləcək

 

Dövlət Proqramında Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının xarici bazarlara çıxışının genişləndirilməsi də nəzərdə tutulub.

Belə ki, Azərbaycan istehsalı olan arıçılıq məhsullarının, o cümlədən balın Avropa İttifaqı ölkələrinə ixracı üçün müvafiq icazənin alınması istiqamətində iş aparılacaq.

Quşçuluq məhsullarının, o cümlədən yumurtanın yeni bazarlara ixracı üçün də müvafiq icazələrin alınması planlaşdırılır.

İdxal və ixrac edilən məhsulların baytarlıq və fitosanitar yoxlamalarının aparılması üçün 2 yeni qida təhlükəsizliyinə nəzarət məntəqəsi fəaliyyətə başlayacaq.

 

Zoonoz xəstəliklərə qarşı Milli Strategiya hazırlanacaq

 

“Vahid Sağlamlıq” konsepsiyasının tətbiqinin genişləndirilməsi də Dövlət Proqramının prioritet istiqamətlərindəndir.

Zoonoz xəstəliklərə qarşı mübarizə tədbirlərinə dair Milli Strategiya hazırlanacaq və icra olunacaq.

Bundan başqa, antimikrob rezistentliklə mübarizə tədbirləri görüləcək, insan, heyvan və ətraf mühit sağlamlığı üzrə aidiyyəti qurumlar arasında koordinasiya mexanizmi yaradılacaq.

Zoonoz epidemiya və pandemiya risklərinin azaldılması üçün erkən xəbərdarlıq və erkən aşkarlama sistemlərinin qurulması nəzərdə tutulur.

 

Sağlam qidalanma ilə bağlı yeni tədbirlər

 

Dövlət Proqramında istehlakçıların sağlam qidalanma vərdişlərinin inkişaf etdirilməsi də ayrıca istiqamət kimi müəyyənləşdirilib.

Sağlam qidalanma məqsədilə xüsusi etiketlənmə yanaşmasının tətbiqi təşviq ediləcək.

Diyetologiya və nutrisiologiya sahəsində çalışan mütəxəssislərin fəaliyyətinə nəzarət gücləndiriləcək və onların təlimlərə cəlb olunması təmin ediləcək.

Ölkədə qida istehlakı üzrə məlumat bazasının yaradılması, qida israfının qarşısının alınması ilə bağlı təşviqat işlərinin aparılması və bioloji aktiv qida məhsulları barədə əhalinin maarifləndirilməsi də planlaşdırılır.

Ümumilikdə, 2027–2032-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində qida təhlükəsizliyi sisteminin rəqəmsallaşdırılması, nəzarət mexanizmlərinin gücləndirilməsi, yerli məhsulların ixrac imkanlarının artırılması və əhalinin sağlam qidalanma ilə bağlı məlumatlılığının yüksəldilməsi hədəflənir.

Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən