“30 il ərzində bir dəfə də görməmişəm” – Qida zəhərlənmələri ilə bağlı SƏRT AÇIQLAMA

 16:38 10.09.2026     1071

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamı Redaktor.az-a şərh edən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, bu sənəd çox əhəmiyyətlidir:

“Mən çox istərdim ki, bu proqramda qida zəhərlənmələrinin qeydiyyatı məsələsi də öz əksini tapsın. Çünki ölkədə qida zəhərlənmələri ilə bağlı statistikanın düzgün göstərilmədiyini düşünürəm. Ümumiyyətlə, qida zəhərlənmələrinin qeydiyyatının hansı dövlət qurumunda aparılmalı olduğu məsələsi də aydınlaşdırılmalıdır. Biz görürük ki, qida zəhərlənmələri ilə bağlı statistika Qida Təhlükəsizliyi Agentliyinin saytında göstərilir. Lakin insanlar zəhərləndikdə Qida Təhlükəsizliyi Agentliyinə deyil, birbaşa səhiyyə orqanlarına müraciət edirlər. Səhiyyə orqanlarında isə alqoritm belədir: xəstə müraciət edir, mədəsi yuyulur, müalicəyə başlanılır və artıq material itmiş olur.

Yəni 30 il ərzində mən bir dəfə də görməmişəm ki, sənaye üsulu ilə istehsal olunan qidalardan zəhərlənən insanların ailələrinə və ya həyatını itirən şəxslərin yaxınlarına kompensasiya verilsin. Bir dəfə də biz Azərbaycan həkimlərinin nədən zəhərlənmə baş verdiyinə dair cavab almağa nail olmamışıq. Ona görə də qida zəhərlənmələrinin qeydiyyatı məsələsində şəffaflıq yaranmalıdır”.

Ekspert həmçinin bildirdi ki, Dövlət Proqramında dövlət orqanlarının media və ictimai təşkilatlarla sıx əməkdaşlığı məsələsi də öz əksini tapmalıdır:

“İkincisi, istərdim ki, həmin proqramda dövlət orqanlarının kütləvi informasiya vasitələri və ictimai təşkilatlarla sıx əlaqədə işləməsi də öz əksini tapsın. Çünki media hər gün cəmiyyətə müxtəlif materiallar təqdim edir. Çox təəssüf ki, qanunvericiliyə görə dövlət orqanları bu materialları izləyib onların arxasınca getmək əvəzinə, bəzən laqeydlik göstərirlər. Mən çox istərdim ki, həmin sərəncamda mediada yayımlanan bütün materialların dövlət orqanları tərəfindən nəzərə alınması və araşdırılması məsələsi göstərilsin.

Çünki mən iki il qeyri-hökumət təşkilatının sədri olaraq Qida Təhlükəsizliyi Agentliyinin İctimai Şurasında təmsil olunmuşam. Orada agentliyin rəhbərliyi qarşısında belə bir məsələ qaldırmışdım: “Hər gün mediada yayımlanan materialları siz izləyirsinizmi? Həmin materialları hazırlayan insanlara təşəkkür edirsinizmi?” Məlum oldu ki, bunu etmirlər. Yəni media və ictimai təşkilatların qaldırdığı məsələlərlə dövlət orqanının sinxron və sıx əlaqəsi olmalıdır.

Mən çox istərdim ki, həmin sənəddə bu məsələ də öz əksini tapsın. Həmçinin qida təhlükəsizliyinin təmin olunması istiqamətində çoxsaylı qeyri-hökumət təşkilatlarının yaradılması məsələsi önə çəkilsin və monitorinqlərdə medianın, eləcə də qeyri-hökumət təşkilatlarının iştirakı təmin olunsun. Ümumiyyətlə, medianın təsiri olmayan yerdə şəffaflıqdan danışmaq olmaz. İstərdim ki, bütün bu məsələlər sərəncamda və Dövlət Proqramında öz əksini tapsın”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən