Xəzərin səviyyəsi azalır, iqlim riskləri artır” – Ekoloqdan mühüm XƏBƏRDARLIQ

 17:06 11.09.2026     558

“Bakı İqlim Həftəsi iqlim dəyişikliyi ilə bağlı beynəlxalq öhdəlikləri konkret layihə və investisiyalara çevirmək üçün çox mühüm platformadır. Onun əhəmiyyəti həm COP29-dan qalan irsi davam etdirmək, həm də Bakının iqlim diplomatiyasındakı mövqeyini gücləndirməkdən ibarətdir. Digər tərəfdən, dövlət qurumları, beynəlxalq təşkilatlar, biznes nümayəndələri və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi baxımından da mühüm mərhələdir”.

Bu barədə Redaktor.az-a açıqlamasında ekoloq Rövşən Abbasov bildirdi.

Onun sözlərinə görə, su qıtlığı, quraqlıq, səhralaşma və Xəzər dənizinin səviyyəsinin azalması şəraitində belə bir tədbirin, yəni Bakı İqlim Həftəsinin keçirilməsi həmin problemlərin diqqət mərkəzinə gətirilməsi və onların həlli istiqamətində atılacaq addımların daha konkret şəkildə müəyyənləşdirilməsi üçün şərait yaradır.

“Əlbəttə ki, karbon emissiyalarının azaldılması, bərpa olunan enerji ehtiyatlarından dayanıqlı istifadə, yaşıl şəhərsalma kimi məsələlərə də diqqət çəkilir. Çünki bilirik ki, həm kənd, həm də şəhər ərazilərində iqlim riskləri getdikcə artır. Bu risklərin artması fonunda insanların yaşayış keyfiyyəti də pisləşir. Buna görə də iqlim dəyişmələri ilə mübarizə üçün daha konkret, dayanıqlı və iqtisadi baxımdan səmərəli modellərin tətbiqi çox mühümdür. Hesab edirəm ki, bu istiqamətdə iqlim maliyyəsinin cəlb edilməsi, şirkətlərin iqlim risklərini öz fəaliyyət planlarına inteqrasiya etməsi kimi məsələlər gündəmdə oldu və bu istiqamətdə müzakirələr aparıldı".

Ekspertin fikrincə, ictimaiyyətin də burada rolunu xüsusi qeyd etmək lazımdır.

"Mən bir məqamı xüsusilə qeyd edim ki, İqlim Həftəsi çərçivəsində elmi platformanın yaradılmasına ehtiyac var. Bilirik ki, Azərbaycanda müxtəlif tədqiqat mərkəzləri, universitetlər və elmi-tədqiqat institutları fəaliyyət göstərir. Yaşıl maliyyə çərçivəsində elmi tədqiqatlara da xüsusi əhəmiyyət verməliyik. Açığı, mən bunu İqlim Həftəsində kifayət qədər görmədim. Mən orada daha çox gözləyirdim ki, alimlərimiz və real tədqiqatlarla məşğul olan mütəxəssislər öz əməkdaşlıqlarını və əldə etdikləri nəticələri nümayiş etdirsinlər. Bu istiqamətdə səylər daha da artırılmalıdır. Elm və biznes arasında əlaqələrin gücləndirilməsi, elmi fəaliyyətlərə daha çox maliyyə və fondların ayrılması, gənclər arasında elmi istiqamətin və elmi fəaliyyətin təşviq olunması kimi məsələlər iqlim dəyişmələri ilə mübarizədə əvəzsiz əhəmiyyət daşıyır”, - deyə R.Abbasov yekunlaşdırdı.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən