Avtomobil daşımaları ilə bağlı qaydalar dəyişdi – QƏRAR
Azərbaycan Respublikasının Nazirlər Kabineti avtomobil nəqliyyatı ilə sərnişin və baqaj, eləcə də yüklərin daşınması ilə bağlı qaydalarda dəyişiklik edib.
Redaktor.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Dəyişikliklər “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda 2026-cı il 3 mart tarixində edilmiş dəyişikliklərin icrası ilə əlaqədar həyata keçirilib.
Qərarla Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na bir sıra əlavələr və düzəlişlər edilib.
Əsas yeniliklərdən biri qaydaların qeyri-müntəzəm sərnişin daşımalarına da şamil edilməsidir. Belə ki, qaydaların müvafiq müddəalarında “sərnişin daşımaları” ifadəsindən sonra “habelə qeyri-müntəzəm sərnişin daşımaları” sözləri əlavə olunub.
Həmçinin avtomobil nəqliyyatı ilə daşımaların anlayışı və hüquqi əsasları qanunun müvafiq maddələrinə uyğunlaşdırılıb. Qaydaların bir sıra müddəalarında əvvəl istifadə olunan “və ya digər qanuni əsaslarla haqq müqabilində” ifadəsi daha dəqiq hüquqi terminlərlə əvəzlənib və “Avtomobil nəqliyyatı haqqında” Qanunun 1.0.4-cü və 1.0.5-ci maddələrinə istinad edilib.
Dəyişikliklər yalnız sərnişin daşımaları ilə məhdudlaşmır.
Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nda da müvafiq düzəliş edilib. Eyni zamanda elektron əmtəə-nəqliyyat qaiməsinin forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarında da həmin hüquqi anlayışlar yenilənib.
Beləliklə, qərarın əsas məqsədi avtomobil nəqliyyatı sahəsində mövcud qaydaları yeni qanunvericilik tələblərinə uyğunlaşdırmaq, sərnişin və yük daşımalarının hüquqi əsaslarını dəqiqləşdirmək və xüsusilə qeyri-müntəzəm sərnişin daşımalarını qaydaların əhatə dairəsinə daxil etməkdir.
T.İSMAYIL













