Qida məhsullarının “sağlam” olub-olmaması necə müəyyənləşəcək? – Ekspert AÇIQLADI
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Mövzu ilə bağlı Redaktor.az-a danışan qida eksperti Asim Vəliyev qida təhlükəsizliyinin təmin olunması istiqamətində atılan istənilən təşəbbüsü alqışladığını bildirdi:
“Məhz bu baxımdan yeni Dövlət Proqramı da mühüm addımdır. Bu proqramın əsas üstünlüyü ondan ibarətdir ki, qida təhlükəsizliyi məsələsinə yalnız ayrı-ayrı yoxlamalar və nəzarət tədbirləri kimi deyil, daha geniş və sistemli yanaşma ortaya qoyulur. Əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təmin olunması birbaşa insanların həyat keyfiyyəti ilə bağlı məsələdir. Sənəddə qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının artırılması, beynəlxalq tələblərə uyğunlaşdırılması xüsusi olaraq qeyd olunur. Məncə, burada ən vacib məsələ proqramda nəzərdə tutulan tədbirlərin kağız üzərində qalmaması və real nəticələrə çevrilməsidir.
Xüsusilə istehlakçının maarifləndirilməsi istiqamətini vacib hesab edirəm. İnsan yalnız aldığı məhsulun təhlükəsiz olduğunu deyil, onun tərkibi, qida dəyəri və sağlam qidalanma baxımından nə ifadə etdiyini də bilməlidir. Bu baxımdan proqram çərçivəsində qida məhsullarının üzərində əlavə və daha anlaşıqlı məlumatların, məhsulların qida xüsusiyyətlərini göstərən ön etiketləmə sistemlərinin tətbiqi mühüm yenilik ola bilər. Amma burada çox vacib bir məsələ var ki, diqqət etməliyik. Məhsulun sağlam, ya sağlam deyil kimi qiymətləndirilməsi hansı meyarlarla müəyyən ediləcək?”
Ekspert əlavə etdi ki, beynəlxalq təcrübədə məhsulun tərkibindəki şəkər, duz, doymuş yağ, enerji dəyəri və digər qida göstəriciləri müəyyən elmi meyarlar əsasında qiymətləndirilir:
“Bəzi ölkələrdə məhsula ümumi qida profili üzrə göstərici verilir, bəzi ölkələrdə isə normadan artıq şəkər, duz və ya yağ barədə istehlakçıya xüsusi xəbərdarlıq edilir. Azərbaycan üçün də bu sistem hazırlanarkən elmi əsaslandırılmış, şəffaf və müstəqil meyarların müəyyənləşdirilməsi çox vacibdir. İstehlakçı bilməlidir ki, məhsulun üzərindəki hər hansı işarə və ya qiymətləndirmə konkret olaraq hansı göstəricilərə əsaslanır.
Asim Vəliyev proqramın icrasının monitorinqi və qiymətləndirilməsinin də vacib olduğunu vurğuladı:
“Digər mühüm məsələ isə proqramın icrasının monitorinqi və qiymətləndirilməsidir. Sərəncama əsasən, bu proses Qida Təhlükəsizliyi Agentliyinin sifarişi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək. Bu mexanizmin tətbiqi zamanı ölçülə bilən göstəricilərin müəyyənləşdirilməsi və nəticələrin ictimaiyyət üçün mümkün qədər şəffaf təqdim olunması vacibdir. Məncə, dövlət proqramının uğurunu yalnız neçə yoxlama aparılması və ya neçə müəssisənin nəzarətdən keçirilməsi ilə ölçmək düzgün olmaz. Əsas göstərici istehlakçının daha təhlükəsiz və keyfiyyətli qidaya çıxışının nə qədər yaxşılaşması, qida ilə bağlı risklərin azalması və insanların məlumatlılığının artması olmalıdır.
Ümumilikdə proqramı müsbət qiymətləndirirəm. Qarşıdakı əsas məsələ isə qəbul edilmiş bu strateji sənədin real və ölçülə bilən nəticələrə çevrilməsidir. Əgər nəzarət, maarifləndirmə, şəffaflıq və istehlakçı hüquqları paralel şəkildə gücləndirilərsə, 2027–2032-ci illəri qida təhlükəsizliyi sahəsində keyfiyyətli yeni mərhələnin başlanğıcı hesab etmək olar”.
NURİYYƏ













