"Bu, bizim xalqımızın mentalitetinə də, adətlərinə də ziddir" - İlham Əliyev

 16:32 15.09.2026     547

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və Seyid Yəhya Bakuvi beynəlxalq konfransının əhəmiyyətindən danışıb.

Redaktor.az xəbər verir ki, dövlət başçısı sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, təşkilatın Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, həmçinin Yəhya Bakuvi beynəlxalq konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

İlham Əliyev çıxışında Bakıda keçirilən tədbirlərin beynəlxalq əhəmiyyət daşıdığını bildirib.

“Bu iki tədbirin eyni vaxtda Bakıda keçirilməsinin böyük mənası var. Çünki biz öz dahi şəxsiyyətlərimizlə, mütəfəkkirlərimizlə, şairlərimizlə həmişə fəxr edirik. Seyid Yəhya Bakuvi onlardan biridir”, - Prezident deyib.

Prezident Azərbaycanın Türk dünyası və Qafqaz arasında xüsusi mövqeyə malik olduğunu vurğulayıb.

“Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir”, - deyə dövlət başçısı qeyd edib. O, Türk dünyası ilə Qafqaz xalqları arasındakı əlaqələrin əhəmiyyətindən danışaraq, birgə tədbirlərin dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirdiyini bildirib.

İlham Əliyev müsəlman dini liderlərin sülh və əməkdaşlıqla bağlı mesajlarının mühüm rol oynadığını deyib.

“Müsəlman dini liderlərin hər bir sözü, təbii ki, müsəlman icmaları üçün çox dəyərlidir, qiymətlidir. Bu sözlər sülhə, əməkdaşlığa, əmin-amanlığa, barışığa istiqamətləndirilirsə, deməli, yaşadığımız bölgələrdə də sülh və əmin-amanlıq üstünlük təşkil edəcək”, - Prezident bildirib.

Dövlət başçısı gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün keçiriləcəyini də xatırladıb. Onun sözlərinə görə, Azərbaycan bu tədbirin nəticələrinin uğurlu olması üçün əlindən gələni edəcək.

“Öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin, bütün lazımsız söz-söhbətlər yığışdırılsın, qarşıdurmalar dayandırılsın”, - İlham Əliyev vurğulayıb.

Prezident Qarabağa səfər edəcək dini liderlərin burada həm işğalın nəticələrini, həm də aparılan bərpa və quruculuq işlərini görəcəklərini bildirib.

“Əminəm ki, bu səfər sizin üçün çox maraqlı olacaq. Çünki həm 30 ilin işğalının fəsadlarını, dağıntılarını görəcəksiniz və eyni zamanda, bu gün dirçələn Qarabağın yeni simasını görəcəksiniz”, - dövlət başçısı deyib.

İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa edildiyini qeyd edib.

“Azərbaycan xalqı qan tökərək, döyüşərək bu torpaqları azad etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların canı-qanı bahasına, qəhrəman övladlarımızın fədakarlığı hesabına biz öz ədalətimizi, hüququmuzu və milli ləyaqətimizi bərpa etdik”, - Prezident bildirib.

Dövlət başçısı Qarabağda və Şərqi Zəngəzurda aparılan işlərdən də danışıb. O bildirib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı davam edir.

“Bu gün Qarabağda və Şərqi Zəngəzurda artıq 48 şəhər və kənddə insanlar yaşayır. Yəni keçmiş köçkünlər qayıdıb, orada işləyənlər, təhsil alanlar məskunlaşıb. ‘Böyük Qayıdış’ Proqramı uğurla icra edilir”, - İlham Əliyev deyib.

Prezident çıxışında Azərbaycanın müharibə zamanı mülki əhaliyə qarşı hərəkətlərdən çəkindiyini də vurğulayıb.

“Biz Ermənistandan fərqli olaraq, əliyalın, mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq. Bu, bizim xalqımızın mentalitetinə də, adətlərinə də ziddir”, - dövlət başçısı qeyd edib.

İlham Əliyev Azərbaycan üçün hərbi gücün əhəmiyyətinin bundan sonra da qorunacağını bildirib.

“Suverenliyimizin, ərazi bütövlüyümüzün, xalqımızın bundan sonra azad, müstəqil xalq kimi yaşamasının bir zəmanəti var, o da bizim iradəmiz, qətiyyətimiz, hərbi gücümüz, xalqımızın bir yumruq kimi birləşməsi, imanımız və milli dəyərlərimizdir”, - Prezident deyib.

Dövlət başçısı çıxışının sonunda tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirib və onlara uğurlar, təmsil etdikləri xalqlara və ölkələrə isə xoşbəxtlik və əmin-amanlıq arzulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən