“Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz” - Prezident

 16:43 15.09.2026     519

Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, təşkilatın Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvləri və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Redaktor.az xəbər verir ki, görüşdə Qafqaz Müəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə konfransın Ağdam məscidində davam etdirilməsi təklifini səsləndirib. O bildirib ki, Ağdam məscidi Qarabağ şəhidlərinin, o cümlədən Xocalı qurbanlarının dini mərasimlərinin keçirildiyi məkan olub.

Prezident İlham Əliyev Ağdam məscidinin bərpasının Qarabağda həyata keçirilən ilk bərpa layihələrindən biri olduğunu bildirib.

“Bərpa edilən birinci obyekt Ağdam məscid olmuşdur. Bu günədək artıq 12 məscid, - hansılar ki, ya tamamilə dağıdılmışdı, ya da ki, yarı dağıdılmışdır, - bərpa edilib, yenidən qurulub və bu proses davam etdirilir”, - dövlət başçısı deyib.

İlham Əliyev Ağdamın işğal dövründə tamamilə dağıdıldığını və burada ciddi talan faktlarının törədildiyini qeyd edib.

“İşğal dövründə Ağdamda bir dənə də olsun bina qalmamışdı. Nə şəhərdə, nə də ki, işğal altında olan kəndlərdə. Bütün binalar söküldü, daşlar talan edildi, aparıldı, bazarlarda satıldı”, - Prezident bildirib.

Dövlət başçısı qəbir daşlarının belə talan edildiyini deyib:

“Onları da aparmışdılar. Sonra o rəhmətə getmiş insanların o qəbir daşlarında olan adlarını silib onları bir mərmər kimi, qranit kimi bazarlarda satırdılar. Biz, bax belə misli görünməmiş talançılıqla üzləşmişdik. Hətta qəbirləri qazıb rəhmətə getmişlərin qızıl dişlərini belə çıxardırdılar”.

İlham Əliyev beynəlxalq təşkilatların Qarabağın işğalı dövründəki mövqeyini də sərt tənqid edib və bunu ikili standart kimi qiymətləndirib.

“Ermənistan burada başqa dövlətin 20 faiz torpağını zəbt edib, 700 min insanı oradan qovub, 250 min insanı - azərbaycanlıları Ermənistandan qovub, dağıdıb hər şeyi, bütün şəhərləri. Sən niyə ona sanksiya tətbiq etmirsən? Bu, deməli, ikili standartlardır”, - Prezident deyib.

Dövlət başçısı Türk dünyası, Qafqaz və İslam aləminin birliyinin vacibliyini vurğulayıb.

“Çünki biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik. Amma Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz. Heç kim bizə qarşı ədalətsizlik edə bilməz”, - İlham Əliyev bildirib.

Prezident Avropa Parlamenti ilə bağlı da sərt fikirlər səsləndirib.

“Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm - rüşvətxorlar yuvasıdır Avropa Parlamenti”, - dövlət başçısı vurğulayıb.

İlham Əliyev İslamofobiyadan da danışaraq bunun məqsədyönlü siyasət olduğunu bildirib.

“Bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir”, - Prezident deyib.

Onun sözlərinə görə, müsəlman aləminə qarşı bu cür yanaşmaların qarşısını almağın əsas yolu birlikdir.

“Biz də nə qoymalıyıq bunun qabağına? Ancaq birliyimizi! Ona görə bu birliyə çağırış, sadəcə olaraq, şüar deyil”, - İlham Əliyev bildirib.

Prezident çıxışının sonunda din xadimlərinin birliyə çağırışlarının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Bir daha bu əsas mesaj odur ki, biz hamımız birliyə çalışmalıyıq. Yenə də deyirəm, din xadimlərinin sözləri bütün müsəlman ölkələri üçün xüsusi məna daşıyır”.

Vumart və Güvən reklamı Vumart Güvən