"Biz indi Ermənistanla sülh şəraitində yaşayırıq, ancaq ürəyimizdə olan yaralar sağalmayıb"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Redaktor.az xəbər verir ki, dövlət başçısı İlham Əliyev Azərbaycan və Ermənistan arasında sülh gündəliyindən danışıb.
Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxışı zamanı Əl-Əzhər Əş-Şərifin Böyük İmamı, Şeyx Əhməd ət-Tayyibin salamlarını Prezident İlham Əliyevə çatdırıb.
O, dövlət başçısının “Zayed İnsan Qardaşlığı Mükafatı”nı azad edilmiş ərazilərin inkişafına töhfə vermək məqsədilə xalqına bağışlamasını Azərbaycanın inkişafına və xalqına sədaqətin nümunəsi kimi qiymətləndirib.
Prezident İlham Əliyev Əl-Əzhərin Böyük İmamına salamlarını çatdırmağı xahiş edib və onunla görüşlərini xatırlayıb.
“İlk növbədə, xahiş edirəm ki, mənim salamlarımı və hörmətimi böyük İmama çatdırasınız. Onunla Misirdə, Əl-Əzhərdə görüşümü mən heç vaxt unutmayacağam. O cümlədən onun Bakıda olmasını da məmnunluqla xatırlayıram”, - Prezident bildirib.
İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na görə də təşəkkürünü ifadə edib və mükafatın sülh gündəliyinə verdiyi töhfəni vurğulayıb.
“Bu mükafat sülhə atılmış növbəti bir addım idi. Bu, bizim sülh gündəliyimizi dəstəkləyən bir addım idi”, - dövlət başçısı deyib.
Prezident qeyd edib ki, Azərbaycan Ermənistanla sülh şəraitində yaşasa da, 30 illik işğalın yaratdığı yaralar hələ sağalmayıb.
“Çünki mən bir daha demək istəyirəm, biz indi Ermənistanla sülh şəraitində yaşayırıq. Ancaq bizim ürəyimizdə olan yaralar sağalmayıb. Xalqımızın qəlbində olan o yaralar sağalmayıb və nə vaxt sağalacaq, bunu heç kim bilə bilməz”, - İlham Əliyev vurğulayıb.
Dövlət başçısı Azərbaycanın müharibədə qalib gəlməsinə baxmayaraq sülh yolunu seçdiyini bildirib.
“Qanlı toqquşmalardan, 30 illik işğaldan cəmi iki il keçməmiş sülhə addımlamaq çox böyük həm cəsarət tələb edir, uzaqgörənlik tələb edir və eyni zamanda, bir daha Azərbaycanın sülh gündəliyini nümayiş etdirir”, - Prezident deyib.
Onun sözlərinə görə, Azərbaycan müharibədə qalib gəldiyi üçün fərqli gündəlik seçə bilərdi:
“Çünki Azərbaycan müharibədə qalib gəlmişdir. Ermənistan tam məğlub edilmişdir, kapitulyasiya aktına imza atmışdır və əlbəttə ki, biz istənilən gündəliyi diktə edə bilərdik. Ancaq biz sülh gündəliyini seçdik və bu seçimin nə qədər müdrik olması bu gün bütün dünyaya, necə deyərlər, aydındır və bütün dünya bunu görür”.
İlham Əliyev müharibənin davam etməsinin Azərbaycanın inkişafına mane olacağını bildirib.
“Çünki bu qarşıdurma, bu müharibə nə vaxtsa dayanmalı idi və onu biz dayandırmasaq, onu heç kim dayandıra bilməzdi. Biz onu dayandırmasaydıq, bu, elə əbədi davam edəcəkdi, qan töküləcəkdi, şəhidlər veriləcəkdi və ölkəmizin normal inkişafı mümkün olmayacaqdı”, - Prezident qeyd edib.
Dövlət başçısı “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sülh prosesinə siyasi və ictimai dəstəyi gücləndirdiyini bildirib.
“Amma bu mükafat onları daha da gücləndirdi. Əbu-Dabidə sizin təşkil etdiyiniz o təntənəli mərasim, sizin şəxsi münasibətiniz və orada dünya liderlərinin sülh prosesinə dəstək vermələri, əlbəttə ki, bu müsbət meyilləri gücləndirir”, - İlham Əliyev deyib.
Prezident hazırkı beynəlxalq vəziyyətin sülhün qorunmasını daha da vacib etdiyini vurğulayıb.
“Biz görürük ki, artıq bir çox ölkələr müxtəlif bölgələrdə qarşıdurmadadırlar. Yəni bu, iki ölkə arasındakı qarşıdurmalar deyil. Artıq bir çox ölkələr bu qarşıdurmalarda fəal iştirak edir və bu qanlı toqquşmaların coğrafiyası genişlənir”, - dövlət başçısı bildirib.
İlham Əliyev Türk dünyası və Qafqazda sülhün qorunması üçün birgə səylərin vacibliyini qeyd edib.
“Ona görə Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq və sülhü qorumaq üçün hər birimiz böyük səylər göstərməliyik”, - Prezident vurğulayıb.
Dövlət başçısı bildirib ki, Azərbaycan sülh gündəliyinə sadiqdir və məqsəd sülhü geridönməz etməkdir.
“Bizim güclü iradəmiz var. Biz sülh gündəliyinə sadiqik”, - İlham Əliyev deyib.
O, çıxışının sonunda “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sülh prosesinə verdiyi töhfəyə görə bir daha təşəkkürünü bildirib.
“Bir daha sizə təşəkkür edirəm ki, sizin bizə verdiyiniz o mükafat həm ictimai fikirdə, həm ondan sonra siyasi addımların atılmasında və sülhü artıq geridönməz etməsində çox böyük rol oynadı”, - Prezident bildirib.













