Məktəb açıldı, taksi qiymətləri "uçdu" - Səbəb nədir? - AÇIQLAMA

 13:08 16.09.2026     127

Məktəblərin açılması ilə Bakıda taksi qiymətlərində də kəskin artım müşahidə olunur. Normal vaxtlarda 5-6 manat olan məsafəyə hazırda 15-16 manat tələb edilir.

Bəs taksi qiymətlərinin bu şəkildə artması iqtisadi baxımdan nə dərəcədə əsaslıdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirdi ki, taksi şirkətlərinin qiymət formalaşması qaydası var:

"Pik və tıxaclı vaxtlarda qiymətlər avtomatik artır, qeyri-pik vaxtlarda isə qiymətlər düşür. Yəni bunun iqtisadi əsaslandırılması var. Taksi qiymətləri tənzimlənən qiymət deyil. Hökumət minimal qiymətə məhdudiyyət qoyub ki, müəyyən məbləğdən aşağı qiymət təyin edilə bilməz. Bunu da indi müxtəlif amillərlə, tıxacların azaldılması, ictimai nəqliyyata meyilləndirmə və ekologiya baxımından əsaslandırırlar. Xatırlayırsınızsa, taksilərə minimal qiymət qoyulub ki, ondan aşağı qiymət təyin edilə bilməz. Amma maksimal qiymətə hədd qoyulmayıb. Taksi proqramları da müəyyən alqoritmlə işləyir. Orada sifariş çox olanda, tıxac yüksələndə və pik vaxtlarda daha yüksək qiymətlər təklif edirlər".

Ekspert qeyd etdi ki, ictimai nəqliyyatda avtobuslar üçün ayrıca xətt ayırıblar:

"Düzdür, indi metronun ayrıca xətlərinin olmaması məsələsi vəziyyəti bir qədər pisləşdirir, amma deyirlər ki, gələcəkdə daha yaxşı olacaq. Sual verilsə ki, taksi qiymətlərinin dəfələrlə bahalaşmasının iqtisadi əsası varmı? Var. Tələbatın kəskin yüksəlməsi, yollarda tıxacların yaranması və vaxt itkisinin olması, bunların hamısı həm taksinin əməliyyat xərclərini artırır, həm də vaxt itkisi taksiçi üçün birbaşa xərcdir və gəlir əldə etmək imkanlarını azaldır. Yəni sırf iqtisadi baxımdan bunun əsası var. İkincisi də, bazar qiymətləri ilə tənzimlənir. Taksi qiymətlərində, dediyim kimi, minimal hədd təyin edilsə də, maksimal həddi bazar müəyyən edir. Burada ediləcək bir şey yoxdur. Kimin büdcəsinə uyğun deyilsə, istifadə etməməlidir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən