“Dini hökmlərin və fətvaların verilməsində süni intellektdən istifadə etmək olmaz” - İlahiyyatçı

 16:57 16.09.2026     167

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə çıxışı zamanı “Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir” fikrini səsləndirib.

Bəs, süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə bu istiqamətdə hansı addımların atılmasına ehtiyac var? Dini baxımdan süni intellektin istifadəsi ilə bağlı hansı qaydalar və ya məhdudiyyətlər tətbiq oluna bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan bildirdi ki, süni intellekt müasir zamanın tələblərindən biridir:

"İnkişaf edən və qloballaşan dünyada din xadimlərinin də bu yeniliklərlə ayaqlaşması, müftilərin, din adamlarının bu vasitələrdən istifadə etməsi labüdləşir. Ancaq şübhəsiz ki, din bir qədər həssas mövzu olduğu üçün, xüsusən burada İslam hüququndan, yəni şəriət hökmlərindən bəhs edildiyinə görə, süni intellektdən din xadimlərinin, dini liderlərin və ümumiyyətlə, din alimlərinin istifadəsi zamanı müəyyən çərçivələrin və məhdudiyyətlərin olması labüddür".

Onun sözlərinə görə, süni intellektin hazırda daha çox faydalarından danışılır və şübhəsiz ki, onun mənfi tərəfləri də ola bilər:

"Ümumiyyətlə, hər bir yenilikdən sərhədsiz istifadə müəyyən fəsadlara səbəb ola bilir. Din də həssas mövzu olduğuna görə, din alimlərinin, din adına çıxış edən şəxslərin və ümumiyyətlə, din mənsublarının bu vasitədən sərhədsiz şəkildə istifadə etməsi müxtəlif fəsadlara yol aça bilər. Məsələn, süni intellekt vasitəsilə dini ekstremizm, radikallaşma, xurafatın inkişafı, dini zəmində ədavətin yaradılması və sair kimi süni problemlər ortaya çıxa bilər".

Müsahibimiz vurğuladı ki, xüsusilə dini hökmlərin, fətvaların çıxarılmasında süni intellektdən istifadə etmək olmaz:

"Hər bir halda süni intellekt geniş və ətraflı məlumat bazasına malik olsa da, o, canlı insan, şəxs deyil. Onun emosiyaları və insan hisslərini nəzərə almaq imkanları yoxdur, sadəcə məlumat və informasiya ötürməklə kifayətlənir. Din isə mənəvi dəyərləri, insan hisslərini və emosiyalarını, eyni zamanda, onun sosial həyatını birbaşa əhatə edən amildir. Bu baxımdan, quru qanunların, hökmlərin və ehkamların ortaya çıxarılması üçün digər amilləri kənara qoyaraq sırf süni intellektdən istifadə edilməsi müəyyən problemlərə səbəb ola bilər. Təbii ki, süni intellektin geniş imkanları və ortaya qoyduğu vasitələr İslam aləminin elmi yöndən, elm-din münasibətləri baxımından və ümumiyyətlə, sosial həyata təsiri istiqamətində inkişafına böyük töhfələr verəcəkdir. Bu, şübhəsizdir. Sadəcə olaraq, süni intellektdən istifadə qaydaları müəyyənləşməlidir. Din xadimlərinin, din adamlarının, dindarların, inanclı şəxslərin bu vasitələrdən hansı üsullarla istifadə etməsi dəqiqləşdirilməlidir".

İlahiyyatçı hesab edir ki, süni intellektdən din adına istifadə edən və hansısa dini məlumatı əməl etmək üçün öyrənən şəxslər həmin məsələ haqqında ən azı 70-80 faiz sabit və dəqiq məlumata malik olmalıdırlar:

"Ondan sonra tərəddüd etdikləri mövzunu dəqiqləşdirmək, əlavə məlumat bazasına malik olmaq üçün süni intellektdən istifadə edə bilərlər. Yoxsa ilk başlanğıcdan heç bir məlumatı və informasiyası olmadan hansısa sualı süni intellektə verib ona uyğun hərəkət etməyə çalışmaq düzgün deyil. Eyni zamanda, din xadimləri və müftilər fətva verərkən heç bir elmi-akademik mənbəyə, əlavə məlumatlara əsaslanmadan, insanların sosial həyatını nəzərə almadan, sadəcə, süni intellektə əsaslanaraq fətvalar imzalasalar, bu, ciddi problemlərə gətirib çıxara bilər. Belə hallardan sui-istifadə də çoxala bilər. Nəticədə din artıq öz əhəmiyyətini itirmiş bir vəziyyətə gəlib çıxa bilər. Bu baxımdan, süni intellektdən istifadə qaydalarına, xüsusilə din adamlarının və din xadimlərinin istifadəsinə dair müəyyən çərçivələr və hüdudlar qoyulmalıdır. Bundan sonra həmin dəst-xətt əsasında din adına çıxış edən şəxslər, inanclı insanlar və din xadimləri bu mövzularda süni intellektdən istifadə edə bilərlər.

Bir növ bu, zamanın tələblərinə uyğun olaraq bir vasitədir, bir alətdir. Həmin alətdən həm mənfi, həm də müsbət istiqamətdə istifadə etmək mümkündür. Bu baxımdan, müəyyən sərhədlər müəyyən olunmalıdır ki, inanclı insanlar hansı həddə qədər süni intellektdən istifadə edə biləcəklərini bilsinlər. Eyni zamanda, hansı sərhəddən sonra artıq problemlə üzləşə biləcəklərini və aldıqları cavabın həyata tətbiq edilməsinin uyğun olmadığını da bilməlidirlər. Bu baxımdan, əsas vacib amil inanclı insanların süni intellektdən istifadə metodlarının, qaydalarının və sərhədlərinin müəyyən edilməsidir", - deyə Tural İrfan yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən