"Şəriətin qadağan etmədiyi məsələlərdə də süni intellektdən istifadə oluna bilər" - Ceyhun Məmmədov

 17:13 17.09.2026     118

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə çıxışı zamanı “Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir” fikrini səsləndirib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirdi ki, bu məsələ çox aktualdır:

"Təəssüf ki, bu gün süni intellekt sürətlə insan həyatına daxil olur və biz bunun təzahürlərini, nəticələrini bütün sahələrdə görürük. Bu baxımdan, şəriətdə bir çox məsələlərə münasibət olduğu kimi, süni intellektə də müəyyən yanaşma var. Əgər söhbət hər hansı günah əməldən gedirsə, burada süni intellektin tətbiqindən söhbət gedə bilməz. Yəni süni intellekt yalnız şəriətin icazə verdiyi məsələlərdə öz rolunu oynaya bilər. Şəriətin qadağan etmədiyi məsələlərlə bağlı proseslərdə də süni intellektdən istifadə oluna bilər".

Millət vəkili hesab edir ki, hazırkı dövrdə süni intellektlə bağlı məsələlərə bütün sahələrdə olduğu kimi, dini sahədə də həssas yanaşmaq lazımdır:

"Süni intellektdən kor-koranə və düzgün olmayan şəkildə istifadə gələcəkdə müəyyən problemlərə, hətta bizim üçün ciddi fəsadlara və faciələrə gətirib çıxara bilər. Ona görə də düşünürəm ki, bu aspektdən də məsələyə yanaşmalı və süni intellektin imkanlarından maksimum düzgün şəkildə istifadə etməliyik. Yanlış istifadə bu gün dünyamızı daha təsirli və zərərli bir istiqamətə doğru aparır. Gələcəkdə süni intellektlə bağlı çox ciddi problemlərlə üzləşə bilərik. Buna görə də bu məsələdə çox diqqətli olmalıyıq".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən