“Tutaq ki, universiteti Xırdalana köçürdün, tələbə ora təyyarə ilə gedəcək?” – Tural Abbaslı

 15:42 18.09.2026     149

“Bakıda sıxlığın azaldılması bir qədər uzun prosesdir. Amma məsələ orasındadır ki, bu gün Bakıdakı sıxlığı necə daha dəhşətli vəziyyətə gətirməyə bilərik? Bu gün biz xalq olaraq, insanlar olaraq qəbul etmişik ki, Bakı Şəhər İcra Hakimiyyəti, Nəqliyyat Nazirliyi və yaxud AYNA, yaxud da digər qurumlar artıq Bakıda sıxlığın, tıxacların, hərəkətin məhdudlaşdırılmasının qarşısını ala bilmirlər. Yəni bunu biz qəbul etmişik”.

Bu sözləri Redaktor.az-a paytaxtdakı sıxlıqla bağlı danışan Ağ Partiyanın sədri Tural Abbaslı bildirdi.

O, çağırış etdi ki, bu vəziyyəti daha da gərginləşdirəcək, ağırlaşdıracaq addımlar atılmasın:

“Məsələn, Formula 1-i Bakıya salmasınlar. Günün günorta vaxtı Bakının əsas yollarını təmir adı ilə bağlamasınlar. Günün günorta vaxtı həftələrlə hansısa yolları bağlayıb, orada guya hansısa boruların təmirini aparmasınlar. Yaxud tədris ilinin başladığı, tələbələrin Bakıya axışdığı, şagirdlərin məktəbə getdiyi, iş yerlərinin tam gücü ilə işləməyə başladığı bir dövrdə metropolitendə xətlər bağlanmasın.

Yolları və avtomobil hərəkətini məhdudlaşdıracaq tikililərin, binaların, ticarət mərkəzlərinin tikilməməsi məsələsi də var. Yəni əslində belə götürəndə, biz çıxış yolu tapmaqdan əvvəl vəziyyəti daha da gərginləşdirən, ağırlaşdıran addımlar atmamalıyıq.

Baxın, bu gün keçən il sentyabrın 15-dəki qədər tıxacdan danışmadıq. Niyə? Çünki hansısa metropoliten rəhbərinin ağlına gəlməmişdi ki, xətlər 11 ay bağlı qalsın. Düzdür, ya yox? Bu məsələlər, baxın, vəziyyəti daha da ağırlaşdırır. Ona görə təklif odur ki, birinci, məsələləri ağırlaşdırmayaq. İkinci isə artıq Bakının yükünün azaldılmasıdır. Tutaq ki, tədris müəssisələrinin, yəni universitetlərin Bakı mərkəzindən köçürülməsi və sair. Bu da başqa bir dərddir”.

Müsahibimiz vurğuladı ki, Bakı universitetlərinin köçürüləcəyi bildirilir:

“Lap yaxşı, köçürdün Masazıra, köçürdün, tutaq ki, Xırdalana. "Əhmədli"dən, "Neftçilər"dən, "Ulduz"dan, "28 May"dan, "Elmlər Akademiyası"ndan çıxan tələbə, evindən çıxan tələbə ora getmək üçün yenə də bu nəqliyyatdan istifadə etməyəcəkmi? Yəni təyyarə iləmi gedəcək Xırdalana, filan yerə?

Bilirsiniz, burada əsaslı, köklü diskussiyalar, müzakirələr apararaq addımlar atmaq lazımdır. Amma birinci növbədə, yenə deyirəm, digər təklifləri qoyuram qırağa. Regionlarda iş yerlərinin açılması, gənclərin öz rayonlarında qalmasını təmin etmək üçün məşğulluq imkanlarının yaradılması, asudə vaxtın keçirilməsi üçün məkanların olması, regionların indikindən daha da zənginləşdirilməsi, gəlirlərin artırılması, kənd təsərrüfatının inkişaf etdirilməsi kimi addımları hələ demirəm.

Mən deyirəm ki, qardaş, ən azından Bakını indiki vəziyyətindən, keçənilkindən daha ağır vəziyyətə salmayın”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən