Bakıda "Bolt" sürücüsünü 2 metrlik ilana görə blokladılar: "Heyvan deyəndə it-pişik bildim"
Bakıda fəaliyyət göstərən "Bolt" taksi şirkətinin sürücüsü olan bir vətəndaş sosial şəbəkə hesabında paylaşım edərək müştəri ilə bağlı şikayətini dilə gətirib. Onun sözlərinə görə, müştəri sifariş zamanı heyvan daşınacağını bildirib. Sürücü ünvana çatdıqda isə heyvanın təxminən 2 metr uzunluğunda ilan olduğunu görüb. Sürücü “heyvan” dedikdə it və ya pişik nəzərdə tutduğunu, ilanı gördükdən sonra isə sifarişi yerinə yetirməkdən imtina etdiyini bildirib.
Vətəndaşın sözlərinə görə, bu hadisədən sonra müştəri tərəfindən şikayət edilib və onun sürücü profili bloklanıb. Sürücü isə bloklanmasına etiraz edir.
Bəs belə bir vəziyyətdə tərəflərdən hansı haqlı sayılır?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, bəzi yüklərin daşınmasında sürücü sərbəstdir:
.jpg)
"Yəni hansısa yükü daşımaqdan imtina edə bilər. Amma indi insanın bir fobiyası, qorxusu varsa, məsələn, ilandan qorxursa və bunu daşımaq istəmirsə, bunu hesab etmirəm ki, bloklamaq düzgün qərar deyil. Vətəndaşın bununla bağlı məhkəməyə şikayət etmək hüququ var. Şikayət etsin, öz hüquqlarını müdafiə etsin. Burada vətəndaşın ilandan qorxusu ola bilər. Adam var ki, hiss etsə, 10 metr, 2 metr, 5 metrliyində ilan var, onun vahiməsindən qorxur. Hələ bir də bilərəkdən onu maşınında harasa daşımaq məsələsi var. Belə bir hal baş verirsə, hüquq müstəvisində mübarizə aparmaq lazımdır. Yoxsa sosial şəbəkələrdə yazdım, hay-küy saldım, bundan bir şey çıxmaz".
NURİYYƏ













