"Tibbi sığortada hətta deputatların da keçə bilmədiyi maneələr yaranıb" - Zahid Orucdan SENSASİON AÇIQLAMA

 15:25 21.09.2026     211

Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclasında dövlət qurumlarında aparılan struktur və kadr dəyişiklikləri, icbari tibbi sığorta, eləcə də bölgələrdə məskunlaşmanın qorunması ilə bağlı məsələlər müzakirə olunub.

Redaktor.az-ın məlumatına görə, komitə sədri Zahid Oruc bəzi qurum və agentliklərdə həyata keçirilən islahatların gözlənilən nəticəni vermədiyini bildirib.

“Hesab edirəm ki, bir sıra qurumlarda, agentliklərdə və komitələrdə aparılan islahatlar öz nəticəsini vermir”.

Zahid Oruc dövlət qurumlarında struktur dəyişiklikləri ilə yanaşı, işə qəbul mexanizmlərinin də təkmilləşdirilməsinə ehtiyac olduğunu qeyd edib. O, Xətai rayonu üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində 235 nəfərin çalışdığını deyərək, bir neçə islahat mərhələsindən sonra belə bu sayda işçinin qaldığını vurğulayıb:

“Bir neçə islahatdan sonra qalan işçi sayı bu qədərdir. Bu gün yol işıqlandırmasında lampaya bir qurum, dirəyə başqa qurum baxır. Bununla problem həll etmək olar?! Dövlət qurumlarında işə qəbulla bağlı çevik mexanizm yaradılmalıdır ki, İmişlidə ucqar kənddə yaşayan vətəndaş işə açıq və şəffaf şəkildə qəbul ola bilsin”.

Komitə sədri struktur dəyişikliklərinin təcrübəli kadrların itirilməsi və qurumlararası əlaqələrin zəifləməsi baxımından da müəyyən çətinliklər yaratdığını deyib:

“Təcrübəli əməkdaşların sürətlə dəyişdirilməsi qurumlarla əlaqələrin və koordinasiyanın qurulmasını çətinləşdirir. Konkret əməllərində qanunsuzluq və cinayət olanları cəzalandırın, kənarlaşdırın. Ancaq qalan insanları tapana və yeni şəxslər həmin böyük təcrübəni toplayana qədər zaman lazımdır. Təcrübə bir günün içərisində yaranmır”.

Zahid Oruc icbari tibbi sığorta sahəsində vətəndaşların, o cümlədən deputatların qarşılaşdığı çətinliklərə də toxunub. Onun sözlərinə görə, özəl tibb müəssisələrinə göndərişlərin azalması həm tibb müəssisələrinin fəaliyyətinə, həm də vətəndaşların tibbi xidmətə çıxışına təsir göstərir:

“Deputatlar üçün icbari tibbi sığorta haqqı kifayət qədər yüksək məbləğdir. Amma icbari tibbi sığorta çərçivəsində özəl xəstəxanalara göndərişlər maksimum dərəcədə azalıb və tibbi xidmət almaq üçün hətta deputatların da keçə bilmədiyi maneələr yaranıb. Bu, özəl tibb müəssisələrinin gəlirlərinin azalmasına, vətəndaşların yenidən icra hakimiyyəti orqanlarına və parlament üzvlərinə müraciət etməsinə səbəb olur. Vətəndaşlar əvvəlcə dövlət xəstəxanalarında müalicə və əməliyyatlara yönləndirilir, yalnız imtina cavabı aldıqdan sonra özəl tibb müəssisələrinə göndəriş əldə edə bilirlər. Bu prosedur təcili müalicəyə və ya əməliyyata ehtiyacı olan şəxslər üçün çətinlik yaradır”.

Komitə sədri çıxışı zamanı bölgələrdə, xüsusilə sərhəd kəndlərində məskunlaşmanın qorunmasının vacibliyini də diqqətə çatdırıb. O bildirib ki, daxili miqrasiyanın qarşısının alınması və kəndlərin yaşanılan ərazilər kimi saxlanılması üçün müxtəlif iqtisadi və sosial stimullar yaradılmalıdır:

“Bakının əhalisinin mühüm hissəsi kirayələrdə yaşayan, xüsusilə kənd rayonlarından gələn insanlardır. Bu, Bakıda tunellərə, yol qovşaqlarına, mənzil və əmək bazarına təzyiqi artırır. Hökumət büdcə maliyyələşməsində paytaxtı öndə tutduğu halda, sanki daxili miqrasiyanı da maliyyələşdirmiş olur. Kənddə elektrik və qaz tariflərini azaltmaq, ipotekanı bölgələrdə vermək, emal müəssisələrinə sıfır vergi siyasəti aparmaq, müəllim və həkimlərin ödənişlərini artırmaq lazımdır. Vətəndaş kənddə yaşamağın üstünlüyünü və cazibəsini hiss etməlidir. Əgər poçtu, tibb məntəqəsini bağlayırıqsa, məktəb də bağlanmaq vəziyyətində qalırsa, kəndin özünün varlığı sual altına düşür. Bizim boşalan kəndlərimizə qayıdış proqramına ehtiyacımız var. İnsanlar həmin bölgələrdə yaşasın, ekoloji təmiz məhsul istehsal etsin və kənd turizmi inkişaf etsin”.

Vumart və Güvən reklamı Vumart Güvən