AYNA şəhid və qazi ailələrini yollarda qoydu – avtobus ayrılmadı
Formula 1 yarışları ilə əlaqədar Bakı Funikulyoru (Bəhram Gur heykəli) istiqamətindən Jurnalistlər binaları, Şəhid və qazi ailələrinin yaşayış binası, “Kristal Abşeron” yaşayış kompleksi, SOCAR işçilərinin yaşayış binaları, 6-cı sahə kimi tanınan yaşayış məntəqəsi və Bakı Ali Neft Məktəbinin yerləşdiyi Yeni Salyan yolu küçəsinə (hazırkı adı Dənizkənarı küçə) avtobus ayrılmayıb.
Nəticədə həmin ərazilərdə yaşayan insanlar yollarda qalıb, ictimai nəqliyyatdan istifadə edə bilmirlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) rəsmi məlumatında qeyd olunub ki, 5 nömrəli marşrut Salyan şosesi–Bibiheybət məscidi–Bakı Funikulyoru (Bəhram Gur heykəli) istiqamətlərində xidmət göstərəcək. Lakin bu avtobus rəsmi açıqlamadakı Bəhram Gur heykəli, əslində isə Bakı İdman Sarayının qarşısından (Dəniz Mall-a dönən yoldan) 20-ci sahə yaşayış massivi istiqamətinə hərəkət edir, yəni yuxarıda qeyd etdiyimiz əraziyə hərəkət etmir.
Bəs bu əraziyə avtobuslar ayrılacaqmı?
Mövzu ilə bağlı Redaktor.az-ın sorğusuna Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən aşağıdakı cavab verildi:
"Hələlik ancaq yayımladığımız press-rezlizdir. Əlavə məlumat olduğu təqdirdə veriləcək".
NURİYYƏ













