Tələbələr ekspres avtobuslardan razıdırlarmı? - SORĞU
Bildiyimiz kimi, metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti inşaat işləri başa çatana qədər, 11 ay müddətinə dayandırılıb. Bununla əlaqədar sərnişindaşımanın fasiləsizliyini təmin etmək məqsədilə ekspres avtobus marşrutları fəaliyyətə başlayıb.
Bəs tələbələr ekspres avtobusların fəaliyyətindən razıdırlarmı?
Mövzu ilə bağlı Redaktor.az olaraq ilk olaraq tələbələrin çox olduğu “28 May” ərazisinə üz tutduq. Rastımıza çıxan ADNSU-nun 3-cü kurs tələbəsi Aytən Nəsirli bildirdi ki, vəziyyət olduqca çətindir:
“Cəmi bir stansiyalıq yolum var. İndiyə bəlkə də çoxdan evdə idim, lakin hələ də buradayam, sıxlıqdan avtobusa minməyə çalışıram”.
Elə həmin universitetin tələbəsi Toğrul Şükürlü də bildirdi ki, dəqiqələrdir avtobus gözləyir:
“Avtobuslar tez-tez gəlsə də, insan o qədər çoxdur ki, minmək olmur. Elə deyirlər xanımlara yol verin, biz bəylər də qalırıq qıraqda”.
Daha sonra sıxlığın müşahidə olunduğu “Elmlər Akademiyası” metrostansiyasının ətrafına yollandıq. Yenicə tələbə olan Aynur Məmmədova Sumqayıtda yaşadığını bildirdi:
“Evə getmək üçün ya 20 Yanvara getməliyəm, ya da 28 Maya gedib sürətli qatara minməliyəm. Lakin hər iki variant demək olar ki, mümkünsüzdür. Nə qatara minmək olur, nə də ekspres avtobusa. İnsan hədsiz çoxdur, vəziyyət çox çətindir”.
Mikrofonumuza tuş gələn daha bir tələbə Fidan Süleymanzadə isə Elmlər Akademiyası ərazisində yaşadığını bildirdi:
“Əslində, öz evimiz Xırdalanda yerləşir. Lakin oradan bura gəlmək, hər hansı rayona getməkdən daha uzun çəkir. Ona görə universitetin yanında qızlarla birlikdə kirayə qalıram. Ancaq qrup yoldaşlarımın gündəlik dediklərindən və öz gördüklərimdən də bilirəm ki, gediş-gəliş çox çətindir”.
Digər bir tələbə isə bildirdi ki, ekspres avtobusların istifadəyə verilməsi müəyyən qədər rahatlıq yaratsa da, sıxlıq səbəbindən onlardan istifadə etmək hər zaman mümkün olmur:
“Marşrutun olması yaxşıdır, amma əsas problem avtobusa minə bilməkdir. Xüsusilə dərs saatlarının sonunda çox böyük sıxlıq yaranır. Bəzən bir neçə avtobus gözləməli oluruq”.
Daha bir tələbə isə qeyd etdi ki, bu vəziyyət onların maddi durumuna təsir edir:
“Əvvəllər metroya minib evə gedirdik. İndi evə getmək üçün avtobusa, daha sonra metroya minirəm. Ən azından ekspres avtobusları pulsuz edərdilər. Bu, bütün dünyada belədir. Bizdə isə heç tələbəyə güzəşt də yoxdur".
NURİYYƏ













