Formula 1, metro və dərslər - Bakıda nəqliyyat sıxlığına görə deputatdan TƏKLİF
"Bakıda son günlər müşahidə olunan nəqliyyat sıxlığı hər birimizin gündəlik həyatına müəyyən təsir göstərir. Mən özüm də zaman-zaman bu problemin birbaşa iştirakçısına çevrilirəm və normal şəraitdə qısa müddətdə qət edə biləcəyim məsafəyə xeyli artıq vaxt sərf edirəm. Təbii ki, bunun nəticəsi yalnız yolda itirilən vaxtla məhdudlaşmır. Bu problem insanların iş qrafikinə, görüşlərinə və bütövlükdə gündəlik fəaliyyətinin səmərəliliyinə də təsir göstərir".
Bu fikirləri Redaktor.az-a danışan deputat Rövşən Muradov bildirdi. O vurğuladı ki, hazırkı vəziyyəti qiymətləndirərkən bir neçə amili birlikdə nəzərə almaq lazımdır:
"Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması ilə əlaqədar “Nizami–28 May” sahəsində hərəkətin dayandırılması sərnişin axınının alternativ istiqamətlərə yönəlməsinə səbəb olub. Digər tərəfdən, Formula 1 yarışına hazırlıq çərçivəsində şəhərin mərkəzi hissəsində tətbiq edilən müvəqqəti yol məhdudiyyətləri, eyni zamanda sentyabr ayında universitetlərdə və məktəblərdə tədrisin başlanması xüsusilə Bakının mərkəzi hissələrində həm yerüstü, həm də yeraltı nəqliyyat sisteminə düşən yükü artırır. Belə situasiyalarda müvəqqəti və çevik idarəetmə mexanizmlərinin nəzərdən keçirilməsi faydalı ola bilər. Məsələn, nəqliyyat yükünün ən yüksək olduğu məhdud müddətdə Bakı şəhərindəki universitetlərdə və məktəblərdə dərslərin müəyyən hissəsinin distant formada təşkili mümkündür. Azərbaycan təhsil sistemi COVID-19 və COP-29 dövründə distant təhsil təcrübəsini geniş şəkildə keçib və bunun üçün müəyyən təşkilati baza artıq mövcuddur".
R.Muradov hesab edir ki, eyni yanaşma əmək münasibətlərində də nəzərdən keçirilə bilər.
"Xüsusilə şəhərin mərkəzi hissəsində yerləşən və fəaliyyəti məsafədən işləməyə imkan verən müəssisələrdə əməkdaşların müəyyən hissəsinin müvəqqəti olaraq evdən çalışması nəqliyyat sisteminə düşən gündəlik yükün azalmasına kömək edə bilər. COP29 dövründə dövlət qurumlarında əməkdaşların 30 faizədək hissəsinin iş yerində, qalan 70 faizinin isə məsafədən işləməsi təcrübəsi göstərdi ki, zərurət yarandıqda belə çevik modellərin qısa müddət üçün tətbiqi mümkündür", - deyə o yekunlaşdırdı.
NURİYYƏ













