“Vətəndaşlar problemlərin deputat müdaxiləsi ilə həll olunacağını düşünür, amma ...” - Azər Allahverənov
"İlk əvvəl Azərbaycan Respublikası Milli Məclisi deputatlarının hansı səlahiyyətlərə malik olduğu ilə bağlı bəzi dəqiqləşdirmələr aparaq. Xüsusilə bildirmək istəyirəm ki, deputatların hüquq və səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyası və “Milli Məclis deputatının statusu haqqında” qanunla tənzimlənir. Deputatların əsas vəzifəsi, şübhəsiz ki, qanunvericilik fəaliyyətidir. Onların icra hakimiyyəti orqanlarının funksiyalarını yerinə yetirmək kimi səlahiyyətləri birmənalı şəkildə yoxdur. Bu məsələni həmkarımız Səyyad Aran da qeyd edib. Amma burada bir sıra çox ciddi məqamlar var ki, bunlar bilavasitə deputatların malik olduğu əsas səlahiyyətlərlə bağlıdır".
Bunu Redaktor.az-a açıqlamasında deputat Azər Allahverənov Milli Məclisin İnsan Hüquqları Komitəsinin ötən gün keçirilən iclasında millət vəkili Səyyad Aranın nazirlərin qəbuluna düşməyin çətinliyi və deputatların xalqın daha asan çata bildiyi şəxslər olması səbəbilə onların səlahiyyətlərinin artırılması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən dedi.
Millət vəkili qeyd etdi ki, ilk növbədə, deputat qanunvericilik fəaliyyəti üzrə səlahiyyətlərə malikdir:
"O, qanunvericilik təşəbbüsü hüququndan irəli gələrək yeni qanun layihələri hazırlayıb Milli Məclisə təqdim edə, müzakirə və səsvermə hüququndan istifadə edə bilir. Komitələrdə və plenar iclaslarda qanun layihələri ilə bağlı müzakirələrdə mövqe sərgiləmək imkanına malikdir. Bu da bilavasitə onun səlahiyyətlərindən irəli gələn çox vacib məsələlərdir. Eyni zamanda, parlamentin rəhbər orqanlarında təmsil oluna bilir, seçmək və seçilmək hüququna malikdir. Bundan başqa, nəzarət və sorğu səlahiyyətlərinə malikdir. Deputat öz səlahiyyətləri çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, eləcə də digər dövlət qurumlarına rəsmi deputat sorğusu göndərə bilir. Həmin qurumlar qanunla müəyyən edilmiş müddətdə bu sorğuya cavab verməyə borcludur. Əldə olunan məlumat, sorğuya cavab olaraq, həm də sorğunun yaranmasına səbəb olan məsələ ilə bağlı şərh vermək imkanı yaradır. Deputat dövlət orqanlarından öz fəaliyyəti üçün zəruri olan rəsmi sənədləri və məlumatları da tələb etmək hüququna malikdir".
Müsahibimizin sözlərinə görə, burada seçicilərlə iş və təmsilçilik məsələləri də çox önəmlidir:
"Deputatın seçicilərlə mütəmadi görüşləri keçirilir, onların şikayət və təklifləri dinlənilir. Vətəndaş müraciətlərinin aidiyyəti üzrə yönləndirilməsi də geniş şəkildə tətbiq olunan və deputatın səlahiyyətlərindən irəli gələn vacib məsələlərdəndir. Ayrı-ayrı mərkəzi və yerli icra hakimiyyəti orqanlarına göndərilən sorğular, məsələn, görüşlər zamanı qaldırılan məsələlərlə bağlı olur. Bu kontekstdə kifayət qədər geniş səlahiyyət spektrinin olduğunu görürük. Bəzi hallarda, misal üçün, hansısa cavab əlavə rəy üçün göndərildiyi üçün sorğuya cavab bir qədər gecikdirilə bilər. Belə hallar da istər-istəməz olur. Bu da müəyyən vətəndaşların gözləntilərinin vaxtında təmin olunmamasına gətirib çıxarır və vətəndaş deputatdan narazı qalır. Çünki müraciət etdiyi şəxs deputatdır. Deputatla vətəndaş arasında keçirilən görüşdə qaldırılan məsələlərlə bağlı əsas gözlənti ondan ibarətdir ki, vətəndaşlar bütün məsələlərin məhz deputatın müdaxiləsi sayəsində öz həllini tapacağını düşünürlər. Amma bu, hər zaman belə olmur.
Elə məsələlər var ki, burada fundamental və sistemli mahiyyət daşıyan problemlərdən söhbət gedir və onların tez bir zamanda həll olunması mümkün deyil. Elə məsələlər də var ki, ümumiyyətlə, həll oluna bilməz. Baxmayaraq ki, şəxs dəfələrlə bir neçə deputata və bir neçə mərkəzi icra hakimiyyəti orqanının rəhbərinə müraciət edib. Belə hallar da olur. Amma istər-istəməz həmin vətəndaş yenə də qəbul üçün deputata müraciət edir və öz narazılığını bildirir. Düzdür, bu zaman müəyyən izah işləri aparılır və vətəndaşın diqqətinə çatdırılır ki, müraciətin həll olunmamasının əsas səbəbləri nələrdir. Amma istənilən halda bu, müəyyən narazılığa gətirib çıxarır".
A.Allahverənovun fikrincə, əsas məsələ daha çox həmin sorğuların baxılma müddətləri, edilən müraciətlərin operativ şəkildə nəzərdən keçirilməsi ilə bağlıdır:
"Yəni konkret məsələlər daha çox mövcud imkanlar daxilində icra mexanizmləri ilə əlaqədar ola bilər. Çünki istənilən halda təcrübə göstərir ki, məsələn, mənim seçildiyim ilk gündən etdiyim bütün müraciətlər və sorğular aidiyyəti üzrə cavablandırılıb. Onların arasında həllini tapanlar da var, tapmayanlar da. Daha çoxunun həllini tapdığını görürük. Həll olunmayan məsələlərin də səbəbləri kifayət qədər fərqlidir. Məsələn, məşğulluqla bağlı deyək ki, şəxs işə düzəlmək istəyir. Biz aidiyyəti üzrə müraciəti Dövlət Məşğulluq Agentliyinə göndəririk. Dövlət Məşğulluq Agentliyi də öz bazasında olan vakant yerlərlə bağlı həmin şəxsə müraciətlər edir. Amma həmin işəgötürən tərəf şəxsin işlə təmin olunmasına müsbət qərar vermir və nəticə etibarilə şəxs yenə də işsiz qalır. Həmin şəxs düşünür ki, deputat Dövlət Məşğulluq Agentliyinə müraciət edibsə və Agentlik də müraciəti aidiyyəti üzrə göndəribsə, necə olur ki, məsələyə mənfi yanaşılıb? Bu kimi qurumlararası əlaqələndirmə məsələlərində, düşünürəm ki, mövcud səlahiyyətlər daxilində məsuliyyətin artırılmasına və eyni zamanda deputatın sorğusuna cavab olaraq müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanının bu məsələdə çevik reaksiyasının təmin olunmasına ehtiyac var".
Deputat əlavə etdi ki, şəxsi təcrübədə çoxsaylı nümunələr gətirmək olar:
"Bəzi hallarda heç belə sorğu olmadan, vaxt itkisi olmasın deyə, məsələn, şəxsin təcili əməliyyat olunması ilə bağlı deputatdan aidiyyəti strukturlara müraciət göndərilir və şəxsin qısa müddətdə əməliyyatının həyata keçirilməsi baş verir. Halbuki bu, mövcud prosedurlar çərçivəsində də reallaşdırıla biləcək bir iş olsa idi, 15-20 gün ərzində həmin şəxsin səhhətində daha ciddi problemlər yarana bilərdi. Burada çevik müdaxilələrin edilməsinə ehtiyac var. İndi görünən odur ki, gündəlik fəaliyyətimizdə çevik müraciət və cavablandırma, eyni zamanda müraciətin həll olunması ilə bağlı konkret addımların atılması, xüsusilə də elektron hökumət portalının və ümumiyyətlə müxtəlif rəqəmsal texnologiyaların geniş tətbiq olunduğu bir şəraitdə daha intensiv şəkildə həyata keçirilə bilər. Nəticə etibarilə, bu gün dövlətimizin bu istiqamətdə atdığı addımlar, hökumətin bununla bağlı həyata keçirdiyi strateji kurs eyni zamanda bu kimi nüansları da özündə ehtiva edir".
Xədicə BAXIŞLI













