"Bakıda yolların idarə olunması maddi marağı olmayan insanlara həvalə edilməlidir" - Sərdar Cəlaloğlu
"Bütün dünyada inkişaf etmiş meqapolislərin hamısında tıxac problemi var. Bunun obyektiv səbəbləri mövcuddur: maşınların sayının artması, yolların ötürücülük qabiliyyətinin az olması və sair. Ona görə yeni şəhərsalma zamanı birinci növbədə bunu nəzərə alıb daha geniş, cəsarətli küçələr və prospektlər nəzərdə tuturlar".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu dedi. Həmçinin o, vurğuladı ki, Azərbaycanda tıxac probleminin yaranmasının bir səbəbi də subyektivdir:
"Yəni faktiki olaraq yol hərəkətinin idarə edilməsində çox ciddi qüsurlar var. Xüsusən də mövcud yolların daha da daralması istiqamətində addımlar atılır. Velosiped yollarının, avtobus yollarının salınması, eləcə də parkinqlərin, demək olar ki, hər yerdə təşkil edilməsi, şəhərdə maşınların saxlanması üçün xüsusi yerlərin və qarajların az olması, yeni tikilmiş binalarda qaraj imkanlarının məhdudluğu bu məsələdə əsas rol oynayır. Burada məqsəd, açığı deyim ki, indiki cərimələrə də baxdıqda aydın olur. Bu cür süni maneələrin yaradılması, əksinə, daha çox vətəndaşların cərimələnməsinə gətirib çıxarır. Məsələn, elə olur ki, sən üç saat tıxacda qalırsan. Bu zaman bir işin varsa, məcbur olub tələsirsən, ehtiyatsız hərəkət edirsən. Faktiki olaraq hamımız bilirik ki, tıxac özü insanlarda nevrotik vəziyyət yaradır.
Xüsusən işi olan yerə tələsən insan üçün bu, daha ciddi problemə çevrilir. Təsəvvür edin ki, insanın gününün 3-4 saatı tıxaclara sərf olunur. Həmin vaxt ərzində harasa çatmaq istəyirsinizsə, məsələn, 15-20 dəqiqəlik yolu bir saatdan artıq müddətdə gedəcəksiniz. Digər tərəfdən, maşınların bu cür uzun müddət tıxacda qalması benzin istifadəsini qat-qat artırır. Bu da yanacaq satanların bazarına işləyir. Faktiki olaraq kənardan baxanda, Azərbaycanda düşünülmüş şəkildə tıxacların yaranmasına şərait yaradan hallar var. Bu da görünür ki, müəyyən gəlir çevrələrinin maraqlarına uyğundur".
Müsahibimiz şəhərdən çıxan yollarda sürətin şəhərdaxili sürətə bərabərləşdirildiyini heç cür başa düşmədiyini vurğuladı:
"Halbuki çıxışlarda sürət o qədər yüksək olmalıdır ki, mümkün qədər daha çox maşın şəhərdən çıxa bilsin. Əksinə, şəhərə daxil olan nəqliyyatın sürəti azaldılmalıdır. Çıxanla daxil olan nəqliyyatın sürətinin eyni olmasını anlamaq olmur. Sonra mövcud yolların ötürücülük imkanları vaxtilə düzgün hesablanmayıb. Ona görə də baxırsan ki, kifayət qədər ötürücü yollar tikilib, amma bəziləri heç istifadə olunmur. Gün ərzində oradan 2-3 maşın keçir, amma yenə də tıxac olduğu kimi qalır. Yanvar ayında da eyni vəziyyətdir. Avtobus dayanacaqlarının, demək olar ki, düzgün müəyyən edilməməsi də nəhəng tıxacların yaranmasına gətirib çıxarır.
Yəni burada nəqliyyatın idarə olunması və yerüstü yolların özünün ötürücülük imkanlarının son vaxtlar məhdudlaşdırılması Bakıdakı tıxacların əmələ gəlməsinin əsas səbəblərindən biridir. Baxın, bir də görürsən ki, eyni gündə şəhərin bir neçə mühüm küçəsində guya təmir aparılır. Bu təmir bəzən hətta aylarla davam edir. Məsələn, baxırsan, "Həzi Aslanov" metrosunun qarşısında bir ərazi bəlkə də 10 ildən artıqdır çəpərlənib, orada müəyyən tikintilər aparılır, amma başa çatdırılmır".
O qeyd etdi ki, Həsən Əliyev küçəsindəki keçiddə iş görülən yerə qədər nəqliyyatın hərəkətinə şərait yaradılsın, daha sonra qalan hissədə məhdudiyyət tətbiq olunsun:
"Amma bəzən bir də baxırsan ki, iş görülən yerdən bir neçə küçə əvvəl yol bağlanıb. Bu da tıxacların artmasına gətirib çıxarır. İşin sürəti olduqca aşağıdır. Xüsusən şəhər daxilində yolların təmiri, yeraltı keçidlərin tikintisi və sair işlər həddən artıq ləng aparılır. Qısa bir müddətdə, hamı bilir ki, əgər nəhəng problemlərdən biri Dərnəgüldən "Nərimanov" metrosuna gedən yoldursa, hansı ki, Həsən Əliyev küçəsindən keçir, həmin küçənin Ziya Bünyadov prospektinə paralel çəkilməsi çox əhəmiyyətlidir. Amma axı yol hissə-hissə təcili istifadəyə verilə bilər. Əgər vəsait yoxdursa, yolun müəyyən hissəsi tikilib qurtarsın, sonra növbəti hissə inşa edilsin. Elə bil ki, bunlar bütün yolu eyni vaxtda tikib istifadəyə verməlidirlər. Halbuki bütün dünyada belə təcrübə var ki, yol tikintisi zamanı hətta kilometrlərlə yol hissələri istifadəyə verilir. Ora qədər istifadə etmək mümkündürsə, istifadə olunsun".
Müsahibimiz nəzərə çatdırdı ki, yol tikintisində həddən artıq ciddi özbaşınalıqlar var.
"Xaricdə adətən yol tikintisini elə vaxtlarda aparırlar ki, nəqliyyat seyrək olsun və yaxud həmin yol o qədər də istifadə edilməsin. Amma bizdə nəqliyyatın ən sıx olduğu vaxtda bir də görürsən gəlib dirəkləri yuyurlar və yaxud bayraqla bağlı hansısa iş aparırlar. Saatlarla yolu bağlayırlar, daraldırlar və sair. Yəni süni tıxacın, tıxac probleminin obyektiv səbəblərini heç kəs qınaya bilməz. Amma olduqca böyük subyektiv səbəbləri var. Bunun da arxasında müəyyən qüvvələrin həm işi bilməməsi, səriştəsizliyi, təcrübəsizliyi, həm də maddi maraq prinsipi dayanır. Tıxaclar Azərbaycanda vətəndaşların cərimələnməsində müstəsna rol oynayır.
Çox təəssüf ki, bu yol-nəqliyyat qurumu da, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi də publik hüquqi şəxsdir. Ona görə o yollardan gələn cərimələr, parkinqlərdən əldə olunan pullar hara gedir, necə xərclənir, bunu Allahdan başqa heç kəs bilmir. Bu, çox gizli və sirli şəkildə aparılır. Bu da onu göstərir ki, burada korrupsiya ehtimalı böyükdür. Çünki Helvetsi deyirdi ki, korrupsiya dövlətin qeyri-şəffaf olan sferalarında inkişaf edir. Yəni dövlətin hər hansı bir sferasında qaranlıq varsa, şəffaflıq yoxdursa, xalqın nəzarət imkanı yoxdursa, orada korrupsiyanın inkişaf etməməsi mümkün deyil. Belə çıxır ki, yolların bugünkü vəziyyətinin bir səbəbi də Azərbaycandakı bu sahədəki korrupsiyadır. Həddən artıq çoxlu səbəbdən bu tıxaclar yaranır. Amma təbii ki, ədalətli olsaq, deməliyik ki, bu səbəb dünyanın bütün şəhərlərində var. Amma indi baxın, məsələn, Çində necə tənzimlənir? Dünyanın əsas sıx əhali yaşayan ölkələrindən biri Çindir. Çində tıxacların qarşısının alınması və digər istiqamətlərdə həddən artıq yaxşı tənzimləmə var. Düzdür, onlarda qeyri-adi tikintilər var, yollar və metro sistemi də fərqli şəkildə qurulub", - deyə S.Cəlaloğlu əlavə etdi.
Siyasətçi diqqətə çatdırdı ki, Azərbaycanda metronun xətlərinin ayrılması ilə bağlı birdən-birə fəaliyyətin dayandırılması və yaxud bu prosesin belə həyata keçirilməsi heç cür başa düşülmür:
"Bunu başqa şəkildə etmək mümkündürsə, niyə elə bir variant seçilir ki, nəticədə tıxaca gətirib çıxarır? Mən heç cür başa düşmürəm. Şəhərin mərkəzində bir çox təşkilatlar var ki, onların şəhərin mərkəzində yerləşdirilməsinə heç bir ehtiyac yoxdur. Halbuki həmin təşkilatlardan daha çox vətəndaşlar istifadə edir. Məsələn, 1 nömrəli notarius Azərbaycanda xarici sənədlərin hazırlanması və tərcümə olunmasında müstəsna rol oynayır. Onu gətirib Üzeyir Hacıbəyov küçəsində yerləşdiriblər. Orada balaca bir ərazidir, Hökumət Evinin arxasından Rəşid Behbudov küçəsinə qədər olan hissədə bir neçə mühüm qurum yerləşir. Baxın, görün orada nələr var: Baş Poçt İdarəsi, Tusi adına Universitet (Azərbaycan Dövlət Pedaqoji Universiteti - red.), 1 nömrəli notarius. Təsəvvür edin ki, bu üç təşkilatın üçü də qeyri-adi dərəcədə sıxlıq yaradan qurumlardır. Çünki Baş Poçt İdarəsinə həddən artıq çox insan müraciət edir, bütün respublikanın poçtu oradan idarə olunur. Tusi adına Universitetin özünün çox böyük müəllim və tələbə heyəti var, gələn var, gedən var. 1 nömrəli notariusda da tərcümə mərkəzləri və digər xidmətlər mövcuddur. İnsanlar həmin balaca yolda mütəmadi olaraq tıxac yaranmasına şərait yaradırlar.
Məsələn, 1 nömrəli notariusu şəhərin kənarına, nisbətən geniş və əlverişli bir əraziyə köçürmək mümkündür. Elə həmin ərazilərdən birində 1 nömrəli notariusa şərait yaratmaq olar ki, onun müştəriləri də həmin küçədəki sıxlığın artmasına səbəb olmasın. Yaxud indi universitetlərin köçürülməsi ilə bağlı fikirlər var. Nazirliklərin bir çoxunun şəhərin mərkəzində yerləşməsi də bu məsələlərdən biridir. Məsələn, Səhiyyə Nazirliyi ilə bağlı çox düzgün addım atıldı. Səhiyyə Nazirliyi lap mərkəzdə, əlverişsiz bir yerdə yerləşirdi. O, Təcili Yardım Xəstəxanasının yerinə köçürüldü. İndi tamamilə orada nəqliyyat sıxlığı var, nə də nazirliyin fəaliyyəti üçün problem yaranır. Həmçinin əvvəlki nazirliyin yerləşdiyi ərazidə yaranan tıxac və digər nəqliyyat problemləri də artıq həll olunub. Belə addımlarla digər müəssisələrin də köçürülməsi və sair məsələləri həll etmək mümkündür.
Sonra Bakıda bəzi yolların döngəli olmasını aradan qaldırmaq lazımdır. Şəhərdən qərbdən şərqə, şimaldan cənuba diqqətlə baxsanız, şəhərdən çıxaran uzun yolların sayı kifayət qədər azdır. Bunların sayını artırmaq lazımdır. Məsələn, bir Babək prospekti var, bir Dərnəgül şosesidir, bir də Fəhlə prospektidir. Mümkün qədər bu cür uzun yolların sayını artırmaq lazımdır. Amma bütün bunlara baxmayaraq, yolların idarə olunmasının səriştəli, peşəkar, həm də bu məsələdə maddi marağı olmayan, yalnız millətə, xalqa və dövlətə xidmət edən insanlara həvalə edilməsi ilə problem həll oluna bilər. Çox təəssüf ki, Azərbaycanda buna ümid yoxdur".
NURİYYƏ













