"Sanki kimlərsə dindarlarla qeyri-dindarlar arasında qarşıdurma yaratmağa çalışır" - Deputat
"Sosial mediada bir sıra şəxslər tərəfindən davamlı olaraq islam dinin gözdən salınmasına yönəlmiş təbliğat aparılmasının şahidi oluruq. Bu yaxınlarda bizim bəzi strukturlar müəyyən addımlar atdılar. Sosial şəbəkədə bu cür təbliğatın aparılmasını qarşısını qəti şəkildə almaq lazımdır. Davamlı olaraq islam dəyərlərinə hücum edilməsi yolverilməzdir".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, bu gün Azərbaycanda dinə qayıdış müşahidə olunur:
"Bu yalnız indi deyil, uzun müddətdir davam edir. Burada məni narahat edən əsas məsələlərdən biri prosesin kor-koranə getməsidir. Azərbaycanın ənənəvi dini xəritəsi dəyişir. Bir sıra hallarda radikalizm meyllərini müşahidə edirik. Son həbslər bunu bir daha göstərir. Ciddi maarifləndirmə və təbliğat işlərinə ehtiyac var ki, bu proses arzuolunmaz istiqamətə getməsin. Narahatlıq doğuran digər tendensiya da var. Sanki kimlərsə dindarlarla qeyri-dindarlar arasında qarşıdurma yaratmağa çalışır. Bu çox təhlükəli tendensiyadır".













