“Bütün bunlar şəhidlərimizin canı bahasına əldə olunan tarixi Zəfərdir” - Xüsusi təyinatlımız
"Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyət daşıyan günlər var. 27 Sentyabr – Anım Günü də milli yaddaşımızda belə mühüm tarixlərdən biridir. 27 sentyabr mənim üçün 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk gününü və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini xatırladır. 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən müharibə Azərbaycanın tarixi Qələbəsi ilə nəticələndi. 2023-cü il sentyabrın 19-da keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra isə ölkəmizin bütün ərazisində suverenlik tam bərpa edildi".
Bu sözləri Redaktor.az-a Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı, Qarabağ qazisi, “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin sədr müavini Əhliyət Mehdiyev bildirdi.
O qeyd etdi ki, Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə 2 min 900-dən çox hərbi qulluqçumuz şəhid olub:
"Bu Qələbə Azərbaycan xalqının həmrəyliyini və ordumuzun gücünü nümayiş etdirməklə yanaşı, şəhid və qazilərimizin qəhrəmanlığını da tarixə yazdı. Xalqımız və dövlətimiz Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığını hər zaman yüksək qiymətləndirir. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə sentyabrın 27-nin Anım Günü kimi qeyd olunması da şəhidlərimizin xatirəsinə göstərilən böyük hörmətin nümunəsidir.
Şəhidlərimizin xatirəsi yalnız Anım Günündə deyil, hər zaman ehtiramla yad edilir. Onların göstərdiyi fədakarlıq və qəhrəmanlıq gələcək nəsillər üçün də örnəkdir. Hər bir şəhidimizin həyat yolu, Vətənə bağlılığı və mübarizəsi bizim üçün qürur mənbəyidir. Onların Vətən sevgisi hər birimizə nümunədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!".
Ə.Mehdiyev hesab edir ki, Anım Günü gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, şəhidlərimizin keçdiyi döyüş yolunun gələcək nəsillərə çatdırılması və cəmiyyətdə milli həmrəyliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır:
"Vətən müharibəsində əldə olunan Qələbənin nəticələri yalnız hərbi sahə ilə məhdudlaşdırılmamalıdır. Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Qısa müddət ərzində burada yeni şəhər və kəndlər salındı, yaşayış məntəqələri bərpa edildi. İndiyədək 47 yaşayış məntəqəsinə, o cümlədən 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub. Hazırda azad edilmiş ərazilərdə 90 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönüşü və yeni yaşayış məntəqələrinin yaradılması Vətən müharibəsindəki Qələbənin mühüm nəticələrindəndir. Bütün bunlar 27 Sentyabrda başlayan müharibə və şəhidlərimizin canı bahasına əldə olunan tarixi Zəfərdir".
Xədicə BAXIŞLI













