Deputatdan Bakıdakı tıxaclarla bağlı təklif: “Velosipedi yenidən kəşf etməyəcəyik”
"Tıxac problemi dünyanın, demək olar ki, əksər meqapolisləri və böyük şəhərləri üçün xarakterik bir hadisədir. Şübhəsiz ki, Bakı şəhəri də kifayət qədər böyük şəhərdir və avtomobillərin sayı artıq çoxdur. Belə olan təqdirdə tıxac probleminin ortaya çıxması bizi təəccübləndirmir".
Bu sözləri Redaktor.az-a açıqlamasında deputat Elman Nəsirov bildirdi.
O, həmçinin qeyd etdi ki, problem varsa, onun həlli yolları da tapılmalıdır:
"Həlli yollarının tapılması istiqamətində də xeyli işlər görülüb. Bunlara körpülərin və tunellərin çəkilməsi daxildir. Ancaq təəssüf ki, problemin özü köklü şəkildə həllini tapmayıb və hətta son zamanlar daha qabarıq şəkildə özünü göstərir. Belə olan vəziyyətdə hesab edirəm ki, oxşar problemlə üzləşmiş və onun həlli yollarını tapmış bir çox inkişaf etmiş dövlətlərin təcrübəsindən istifadə etmək olar. Mən bu baxımdan Çin təcrübəsini və Cənubi Koreya nümunəsini göstərmək istəyərdim. Onlarda ağıllı idarəetmə sistemləri tətbiq edilib və bu problemin həllində ciddi nailiyyətlər əldə olunub.
O baxımdan hesab edirəm ki, bizim müvafiq qurumlar adını qeyd etdiyim ölkələrin tıxac problemi ilə bağlı illər ərzində axtarıb tapdıqları həll yollarından, düsturlardan və üsullardan istifadə etsələr, çox faydalı olar. Yəni biz yenidən velosipedi kəşf etməyəcəyik. Artıq o kəşf olunub və oxşar problemlə üzləşmiş, onun uğurlu həlli yolunu tapmış ölkələrin bu sahədəki təcrübəsindən istifadə etmək lazımdır. Bu da özü bir çıxış yoludur".
NURİYYƏ













