Bakıda tıxacların həlli üçün yeni tunellər harada tikiləcək? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, paytaxtda Məhəmməd Xiyabani küçəsi ilə Xarici Dairəvi Avtomobil Yolunun kəsişməsində nəqliyyat hərəkətinin yenidən təşkili planlaşdırılır. Layihəyə tunel tipli yolötürücüsü, dairəvi yolayrıcı və Qaradağ istiqamətində yan yolun yaradılması daxildir.
Bəs bu layihə tıxacların azalmasına nə dərəcədə təsir edəcək və Bakının daha hansı ərazilərində alternativ nəqliyyat həllərinə ehtiyac var?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Azər Quliyev bildirdi ki, Bakıda bu tipli tunellərin tikilməsi nəqliyyat sıxlığını azalda bilər, amma qismən:
"Çünki Bakıda avtomobil çoxdur. Bakıda sıxlığın əsas səbəbləri avtomobillərin çoxluğu və yolayrıcılarıdır. Məsələn, tutaq ki, bir dairəvi yolayrıcına yaxınlaşırıq və həmin dairədən düz getmək məqsədimiz var. Dairəvi yolayrıcından düz getmək üçün müəyyən sıxlıqla üzləşirik. Yəni dairəyə yol verməliyik və müəyyən məsafədə dayanırıq. Soldan gələn avtomobillərə yol veririk və yol verməyimiz əsnasında arxadan gələn avtomobilləri də dayandırırıq. Nəticədə arxamızda avtomobillər düzülür. Biz dairəyə daxil oluruq və həmin ikinci çıxışdan çıxaraq düz gedirik. Amma həmin dairənin altından bir tunel tikilsə, mən düz getmək üçün o dairədə gözləmək məcburiyyətində qalmıram. Kimlər ki, dairədə sola və ya sağa dönəcəklər, onlar dairəyə yaxınlaşır, yəni körpünün üstündən keçirlər".

O vurğuladı ki, buna bariz nümunə kimi Xırdalan istiqamətindən gəlib "Tiflis" adlanan ərazidə tunelə daxil olmağımızı göstərmək olar:
"Tunelə giririk, birbaşa hərəkət edərək 20 Yanvar dairəsinə çıxırıq. Yaxud sol tərəfə, Qələbə dairəsi istiqamətində və ya "Tiflis" istiqamətində gedirik. Orada yeraltı, yəni tunel vasitəsilə hərəkət etdikdə, ümumiyyətlə, heç bir svetofor görmürük. Müəyyən məsafədə fasiləsiz hərəkət edirik. Bakıda müəyyən yerlərdə körpülərin də tikilməsi nəzərdə tutulmuşdu, amma sonradan bu layihə ləğv olundu. Niyə? Çünki körpülər şəhərdə müəyyən vizual və səs-küy problemi yarada bilər. Elə bil şəhərdə dayanırsan, yuxarıdan bir avtomobil keçir, onun üstündən başqa bir avtomobil keçir. Bu, bəzi böyük ölkələrdə, böyük paytaxtlarda səs-küylü şəhər təəssüratı yaradır.
Yəni dayandığın yerdə bir sakitlik yoxdur, şəhərdən zövq ala bilmirsən. Başının üstündən avtomobillər keçir. Bu da Bakının imicinə xələl gətirə bilər deyə, ümumiyyətlə, dövlət səviyyəsində də körpülərin çox tikilməsinə tərəfdar deyillər. Amma tunel daha səssizdir. Mahiyyət etibarilə körpünü əvəz edə bilir və çox yaxşı həll yoludur. Sıxlığı azaldır, amma qismən. Çünki Bakıda avtomobil sayı çoxdur. Bununla belə, müəyyən yolayrıcılarında tunellərin tikilməsi, bəli, lazımdır.
Məsələn, Xırdalan dairəsində körpüyə ehtiyac var və gələcəkdə bunun Xırdalan dairəsində nəzərdə tutulduğunu bilirik. Yaxud Bakının müəyyən yolayrıcıları var ki, orada mütləq tunel lazımdır. Həmin yerləri indi müəyyənləşdirib dəqiq fikirləşmək lazımdır. Hazırda səs yazısını göndərərkən onların adlarını tam xatırlaya bilmirəm. Həmin yerləri müəyyənləşdirəndən sonra sizə adlarını deyərəm ki, həmin ərazilərdə də tunellərin tikilməsi məqsədəuyğundur".
NURİYYƏ













