“Qarabağda əhalini narahat edən əsas məsələ işlə təmin olunmaqdır” - Elman Məmmədov

 20:36 29.09.2026     138

"Qarabağın havası gözəldir, suyu gözəldir, hər yeri gözəldir. Qarabağ cənnətdir və müqəddəsdir. Cənab prezidentimizin rəhbərliyi ilə, Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu, Azərbaycan igidləri Qarabağımızı, bütün Azərbaycanımızı işğaldan azad etdi. Ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin olundu".

Bu sözləri Redaktor.az-a açıqlamasında deputat Elman Məmmədov bildirdi.

Millət vəkili əlavə etdi ki, dövlət proqramına əsasən Qarabağda çox sürətlə bərpa-quruculuq işləri, tikinti işləri gedir:

"Qayıdış proqramı həyata keçirilir, yəni əhali tədricən doğma yurd-yuvasına köçürülür. Evlər hazır olduqca, yaşayış üçün şərait yaradıldıqca insanlar köçürülür. Yəni məsələ təkcə evlə bağlı deyil. Evdən başqa burada bütün infrastruktur olmalıdır, təmin olunmalıdır. Məktəb, uşaq bağçası, rabitə, işıq, su, qaz, yol hər şey təmin olunmalıdır. Bu istiqamətdə işlər görülür, hər şey yaradılır. Qarabağda bu saat əhalini narahat edən başlıca, ağrılı məsələ var. Bu da işlə təmin olunma məsələsidir. Yəqin ki, tədricən bu da qaydasına qoyulacaq. Gündən-günə iş yerlərinin sayı artmaqda davam edir. Birdən-birə hamı üçün iş yerləri yaratmaq mümkün deyil. Bu, təkcə Azərbaycan üçün deyil, dünya təcrübəsində də belədir. Bu, vaxt və zaman tələb edən məsələlərdir. Yeganə narahatlıq iş məsələsində, işlə təminat məsələsində yaranır. Dediyim kimi, bu da tədricən aradan qaldırılacaq. Dövlətimiz bunun üçün bütün vasitələrdən istifadə edir ki, doğma yurd-yuvasına qayıdan insanlarımız işlə təmin olunsun, dolanışığı olsun.

İndi bəzən belə söz-söhbətlər gedir, mediada, sosial şəbəkələrdə bu barədə fikirlər səsləndirilir ki, evlə təmin olunub doğma yurd-yuvasına qayıdan insanlardan, məsələn, filan rayondan, filan yerdən bu qədər adam Bakıya, Sumqayıta və ya başqa yerə qayıdıb, qapısını bağlayıb və sair. Yəni bir şeyi bilmək lazımdır ki, bu adamın geri qayıtmasının səbəbi var. Əgər oraya qayıdan insanın orada dolanışığı olsa, işlə təmin olunsa, ailəsini saxlaya bilsə, təbii ki, o, geri qayıtmaz. Belə xoşagəlməz halların yeganə səbəbi işlə təminatın hələ tam olmamasıdır. İnşallah, bu məsələlər də tədricən aradan qaldırılar və hər kəs öz doğma yurd-yuvasında yaşayacaq, işləyəcək, təhsil alacaq. Cənab prezidentimizin dediyi kimi: Qarabağ dirçəlir, Qarabağ çiçəklənir, Qarabağ inkişaf edir, Qarabağa həyat qayıdır".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən