“Bir millət, iki dövlət prinsipi təhdid olunur” – Deputatdan Türkiyə mediası ilə bağlı sərt AÇIQLAMA
“Son günlər türk mediasında Azərbaycana qarşı aqressiv xəbərləri görürük. Xüsusən də bu iki kontragentin ölkədə bölücülük meyillərinin yayılmasına, qardaş türk xalqının qardaşlıq mövqeyinə baxmayaraq, sarsılmaz “bir millət, iki dövlət” prinsipinin təhdid olunmasına, dini qruplar arasında türk radikalizmini hiss etdirən digər qalıqların, kənar kəşfiyyat şəbəkələrinin və regionda baş vermiş yeni reallığı həzm edə bilməyən qüvvələrin fəaliyyətlərinə qarşı tədbirlər görülməlidir”.
Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında deputat Bəhruz Məhərrəmov bildirdi.
O vurğuladı ki, idarələrarası mərkəzlərin aparıcı elmi-analitik imkanlarının və müvafiq mənbələrin aşkarlanması, ifşası istiqamətində zəruri addımlar atılmalıdır:
"Bu məqsədlə təklif edirəm ki, strateji müstəvidə dövlətimiz, ilk növbədə, hər iki ölkənin müvafiq orqanlarını cəlb etməklə, parlamentlərin nəzarəti ilə birgə işçi qrupları formalaşdırsın. Bu təhdidləri törədənlər hüquqi məsuliyyətə cəlb olunmalı, bu adamlara qarşı ən sərt cəza tədbirlərinin görülməsinə nail olunmalıdır. Şuşa Bəyannaməsinin tələbidir ki, müttəfiqliyimiz yalnız diplomatiya müstəvisində deyil, insan amilində və informasiya müstəvisində də eyni tərkibdə qorunmalıdır.
İkinci təklifim ölkəmizin təməl inklüziv dəyəri olan dini-mənəvi irsin mühafizəsi ilə bağlıdır. Son zamanlar din pərdəsi altında gizlənən, ayrı-ayrı xarici kəşfiyyat şəbəkələri tərəfindən dəstəklənən dəstələr, radikallar və virtuallaşmış qüvvələr məktəblərimizi, müəllimlərimizi ayrı-ayrı hədəflər kimi seçərək dini təbliğat aparmağa cəhd edirlər. Bu, milli təhlükəsizliyimizə və suverenliyimizə birbaşa təhdiddir. Azərbaycan bu gün dünyada dini-mənəvi dəyərlərin ən yüksək səviyyədə qorunduğu, inanclara dərin ehtiram bəslənən unikal dövlətlərdən biridir. Bu gün inancı siyasiləşdirib qarşıdurma alətinə çevirmək istəyən qrupların təsiri altındakı vətəndaşlarımız özlərinə sual verməlidirlər: 30 il boyunca Qarabağda və Şərqi Zəngəzurda məscidlərimizin düşmən tərəfindən dağıdılmasına, donuz damına çevrilməsinə susan bu güclər kimlərdir? Bu gün onların haqqını müdafiə edən, digər tərəfdən isə qarşıdurma yaradan bu təhdidkar qüvvələr kimlərdir? İslam dəyərlərinin, məscidlərin, ziyarətgahların və müsəlman ümmətinin dəyərlərinin təhqir olunmasına göz yuman bu dini təhdidlərin dövlətə və cəmiyyətə etdiyi xəyanət heç bir vəchlə bağışlanıla bilməz".
NURİYYƏ













