"Niyə bir şirkət qalib elan edildi, digəri kənarda saxlanıldı" - Deputatdan SƏRT ÇIXIŞ
“Satınalmaların şəffaflığı, tender şərtlərinin necə hazırlanması və mətnə necə daxil edilməsi, sahibkarların prosesdən kənarlaşdırılması və nəticələrin əsaslandırılması ilə bağlı suallar dəfələrlə səsləndirilib. Hətta dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən tənzimlənən satınalmalarda konkret markaya və ya konkret iştirakçıya üstünlük verilə biləcək məhdudlaşdırıcı texniki tələblərin qoyulduğunu xüsusi olaraq qeyd edirik”.
Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev bildirdi.
Onun sözlərinə görə, bu, korrupsiya risklərinin real olduğunu göstərir:
“Deməli, biz problemi yalnız sahibkarların maarifləndirilməsi ilə həll edə bilmərik. Sistemin özündə də ciddi nəzarət tələb edən hallar var və bu məsələ tərəfimizdən səsləndirilir.
İkinci məsələ təqdim olunan layihə ilə xüsusi satınalma rejiminin dairəsinin daha da genişləndirilməsidir. Layihəyə əsasən, dövlət ehtiyacları ilə yanaşı, dövlət payı olan təsərrüfat cəmiyyətlərində xüsusi şəxslərlə, onların təsisçisi və ya iştirakçısı olduğu hüquqi şəxslərlə bağlı satınalmaların aparılması nəzərdə tutulur.
Burada mən bir vacib sual vermək istəyirəm. Əgər biz onsuz da şəffaflıqla bağlı narazılıqların olduğu bir sahədə xüsusi satınalma rejiminin əhatəsini genişləndiririksə, şəffaflığın təmin olunması üçün əlavə hansı mexanizmlərə yol açırıq?
Çünki xüsusi qaydalar daha az hesabatlılıq demək deyil. Əksinə, mən hesab edirəm ki, ümumi satınalma qaydalarından kənara çıxan hər bir durum daha çox şəffaflıq tələb etməlidir.
Layihədə həmin subyektlərin seçilmə qaydasının müvafiq şəkildə müəyyən ediləcəyi nəzərdə tutulub. Lakin qanunverici orqanımız üçün ən vacib məsələ həmin qaydaların hansı prinsiplər əsasında hazırlanacağının əvvəlcədən bəlli olmasıdır.
Sahibkar bilməlidir ki, tenderdə iştirak etmək üçün hansı sənədləri verməli, necə təqdim etməlidir, niyə bir şirkət qalib elan edildi, digəri niyə kənarda saxlanıldı. Belə olduğu halda, sahibkar da buna etiraz edə bilər.
Əslində, bu gün qanun sahibkara şikayət etmək imkanı verir. Təchizatçı satınalan təşkilatın qərarından, hərəkətindən və ya hərəkətsizliyindən şikayət edə bilər və ya məhkəməyə, nəzarət orqanına dərhal müraciət edə bilər.
Düşünürəm ki, şikayət hüququnun mövcud olması kifayət deyil, onun real və işlək mexanizmə çevrilməsi vacibdir.
Təklifim budur: xüsusi satınalma rejiminə daxil edilən halların siyahısı və meyarları mümkün qədər dəqiq müəyyən olunmalıdır. Satınalmaların elanları, tender şərtləri, qiymətləndirmə meyarları, qaliblər və nəticələr bütün ictimaiyyət üçün açıq və şəffaf formada təqdim olunmalıdır”.
NURİYYƏ













