Jurnalistlər dezinformasiyaya qarşı necə mübarizə aparmalıdır? - Baş redaktordan AÇIQLAMA

 16:09 01.10.2026     156

Prezident İlham Əliyev bildirib ki, media ictimai rəyin və cəmiyyətlərarası etimadın formalaşmasında mühüm rol oynayır. Dezinformasiya və süni intellektlə hazırlanan saxta məlumatların yayılması medianın məsuliyyətini artırır. Dövlət başçısı etibarlı informasiyanın təmin olunması, media savadlılığının artırılması və dövlət qurumları, media, rəqəmsal platformalar, jurnalistlər və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Bəs jurnalistlər dezinformasiyanın və süni intellektdən sui-istifadənin qarşısının alınması üçün nə etməlidirlər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında "Müasir İnkişaf" İctimai Birliyinin sədri, crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü bildirdi ki, bu məsələ çox aktual bir məsələdir, aktual bir problemdir:

"Getdikcə internetin imkanlarının, sosial şəbəkələrin təsir imkanlarının, həmçinin süni intellektin təsir gücünün artması ilə saxta məlumatların, dezinformasiyanın və digər "deepfake" məlumatların yayılması da artmaqdadır. Belə deyək, biz süni intellektin inkişafının qarşısını ala bilmərik. Bu, bir reallıqdır və buna heç ehtiyac da yoxdur. Biz internetin və sosial şəbəkələrin imkanlarının qarşısını da ala bilmərik. Bu da reallıqdır. Yəni, bunun qarşısını almaq deyil, əksinə, bu imkanlardan daha geniş istifadə etmək lazımdır. Amma bu da öz növbəsində belə bir problem yaradır. O zaman ortaya belə bir məsələ çıxır: biz hansı addımları atmalıyıq? Mən hesab edirəm ki, biz media savadlılığı məsələsinə üstünlük verməliyik. Bu istiqamətdə cəmiyyətin media savadlılığının artırılmasına çalışmalıyıq".

Müsahibimizin sözlərinə görə, bu istiqamətdə təlimləri, müzakirələri, verilişləri, təqdimatları və açıqlamaları genişləndirmək lazımdır:

"Çünki cəmiyyətin yalan informasiya ilə doğru informasiyanı seçə biləcək qədər məlumatlı olmasına və maariflənməsinə ehtiyac var. İnsan bilməlidir ki, sosial şəbəkə səhifəsində yayılan məlumat yalandır, yoxsa doğrudur. Həmçinin həmin məlumatın əsl mənbəyini axtarıb tapmaq bacarığına malik olmalıdır və s. Mən düşünürəm ki, hələlik ən böyük mübarizə metodu bu ola bilər. Düzdür, bu, gözlədiyimiz effekti tam verə bilmir. Görürsünüz ki, hansısa sosial şəbəkədə yalan bir video paylaşırlar və onu geniş auditoriyaya təbliğ edir, çatdırırlar. İnsanları aldatmaqla məşğul olurlar. Amma bunun mümkün qədər qarşısını almaq üçün, bir daha qayıdıram, media savadlılığı məsələsinə önəm vermək lazımdır. Hələlik mən bunu əsas və önəmli mübarizə metodu hesab edirəm".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən