Avtobus çatışmazlığı fonunda “manatlıq taksilər” də yığışdırılır - sərnişinlər nə edəcək?
Son günlər sosial şəbəkələrdə "20 Yanvar" metrosundan Masazır və Xırdalana sərnişin daşıyan "manatlıq taksilər"in fəaliyyətinin dayandırılması və nəticədə insanların yolda qalması ilə bağlı videolar paylaşılır. Hazırda Bakıda nəqliyyat sıxlığının artdığı, bəzi istiqamətlərdə avtobus çatışmazlığının yaşandığı bir vaxtda bu taksilər bir çox sərnişin üçün alternativ nəqliyyat vasitəsinə çevrilmişdi.
Bəs belə bir şəraitdə "manatlıq taksilər"in fəaliyyətinin dayandırılması nə dərəcədə doğrudur və bu qərar sərnişinlərin nəqliyyat problemini daha da çətinləşdirə bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, sərnişindaşıma ilə bağlı işləri mövcud qanunvericiliyə uyğun həyata keçirmək lazımdır:
(1).jpg)
"Burada müvafiq qurumlardan icazə alınmalıdır. Nəqliyyat vasitəsi də tələblərə, yəni sərnişindaşıma tələblərinə cavab verməlidir. Sürücünün özü sertifikatlaşdırılmalıdır. Bunların hamısı həyata keçirilməlidir ki, insanlar sərnişindaşıma fəaliyyətini həyata keçirsinlər. Mənim də tövsiyəm bundan ibarətdir ki, belə "manatlıq taksi" fəaliyyəti göstərən vətəndaşlarımız işlərini leqallaşdırsınlar, icazə sənədlərini alsınlar və rahat şəkildə leqal fəaliyyətlərini həyata keçirsinlər".
NURİYYƏ













