“Mənə nə qədər pul veriləcək?” yox, “məni və ailəmi kim qoruyacaq?” - Əliməmməd Nuriyevdən yeni qanunla bağlı NARAHATLIQ

 10:41 08.10.2026     198

"Bir çox hallarda korrupsiya ilə rüşvəti qarışdırırlar və onların eyni anlayış olduğu qənaətinə gəlirlər. Amma onları eyniləşdirmək olmaz. Korrupsiya daha geniş, toplayıcı anlayışdır. Vəzifəli şəxs ona verilmiş səlahiyyətlərdən qanunsuz qazanc, güzəşt və ya başqa üstünlük əldə etmək üçün istifadə edirsə, bu, korrupsiya adlanır. Bu zaman korrupsiyadan söhbət gedir. Həmin fayda həm özü, həm də başqası üçün əldə edilə bilər. Əlbəttə, qanunvericilikdə bunun daha dəqiq ifadəsi “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda öz əksini tapıb".

Bu barədə Redaktor.az-a hüquqşünas, keçmiş millət vəkili, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" qanun layihəsindən danışarkən bildirdi.

O vurğuladı ki, rüşvətxorluqda isə konkret qarşılıq var:

"Yəni müəyyən hərəkətin edilməsi və ya edilməməsi müqabilində qanunsuz pul, əmlak, xidmət yaxud başqa fayda tələb olunur, təklif edilir və ya verilir. Məsələn, vətəndaşın qanuni haqqı olan sənədi vermək üçün ondan əlavə pul istənilirsə, bu rüşvətxorluqdur. Daha sadə formada izah etsək, məsələ bundan ibarətdir. Amma vəzifəli şəxs tenderdə şəxsin marağı olan şirkətə qanunsuz üstünlük yaradırsa, orada görünən pul alış-verişi olmadan da korrupsiya ilə əlaqədar hüquqpozma baş verə bilər. Rüşvətxorluq da korrupsiyanın formalarından biridir. Korrupsiyanın çox müxtəlif formaları var. Burada vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı, eyni zamanda büdcə vəsaitlərinin təyinatına uyğun olmayaraq mənimsənilməsi də var. Digər çoxsaylı formalar da mövcuddur. Rüşvətxorluq da korrupsiyanın formalarından biridir.

Vətəndaşın bunların hüquqi fərqini bütün incəliklərinə qədər bilməsi şərt deyil. O, bildiyi faktı təqdim etməlidir. Kim nə tələb edir, hansı sənəd var, hansı qərar qanunsuz üstünlük yaradıb. Hüquqi qiyməti isə səlahiyyətli orqan verəcək. İnsan öz müraciətində maddəni düzgün göstərmədiyinə görə dinlənilmək imkanını itirməməlidir. Maddə düzgün göstərilməyib deyə onun sənədini qəbul etməkdən imtina edilməməlidir. Əlbəttə, dürüst məlumatla bilərəkdən yalan məlumatı da ayırmaq lazımdır. Mən oktyabrın 6-da Milli Məclisin komitələrinin birgə iclasında müzakirə olunan qanun layihəsini alqışlayıram və bu təşəbbüsü dəstəkləyirəm. Hesab edirəm ki, bu, çox vacib və əhəmiyyətli qanun layihəsidir. Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üçün əlavə imkanlar yarada bilər".

Müsahibimizin sözlərinə görə, bu qanun layihəsi korrupsiyaya qarşı mübarizə üçün panaseya deyil:

"Yəni bütün dərdlərə dərman olan bir qanun deyil. Amma hesab edirəm ki, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması özü bir nəticədir. Bu, əhəmiyyətli nəticədir. Burada xüsusilə mükafatlandırma təşəbbüsünün qanuna gətirilməsini də əhəmiyyətli addım hesab edirəm. Doğrudur, hələ 2016-cı ildə də “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna əlavə dəyişikliklər edildi və korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxslərlə bağlı müddəalarla zənginləşdirildi. O zaman müzakirələr zamanı biz hesab edirdik ki, motivasiya yaratmaq üçün dövlət qulluqçusu və ümumiyyətlə, hər hansı bir şəxsin mükafatlandırılması, stimullaşdırılması şərtləri də qanunda olmalıdır.

Həmin vaxt müzakirələr nəticəsində bu məsələ qanunda tam öz əksini tapmadı. Amma daha sonrakı müddət ərzində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Milli Fəaliyyət Planında və ondan əvvəlki Fəaliyyət Planında da hər zaman bu qanuna yenidən baxılması ilə bağlı tədbirlər nəzərdə tutulmuşdu. Çox yaxşıdır ki, bu qanun layihəsi hazırlandı. Mənim bildiyim qədər, ilkin olaraq bu qanun layihəsi Baş Prokurorluq tərəfindən hazırlanıb. Digər qurumlar, ədliyyə və digər aidiyyəti qurumlar da, deyəsən, bu qanun layihəsinin hazırlanmasında iştirak edib. Bizim də Konstitusiya Araşdırmalar Fondu olaraq bu qanunla bağlı müəyyən təşəbbüslərimiz olub və hər zaman bu təkliflərimizi səsləndirmişik".

Əliməmməd Nuriyev qeyd etdi ki, layihə artıq komitələrdə müzakirədən sonra plenar iclasa tövsiyə edilib. Onun sözlərinə görə, korrupsiya sövdələşməsini kənardan görmək həmişə mümkün olmur:

"Mühasib, satınalma üzrə əməkdaş və ya həmin prosesdə işləyən başqa şəxs yoxlamanın üzə çıxara bilmədiyi faktları bilir. Daha çox həmin qurumda nə baş verirsə, orada işləyənlər bundan məlumatlı olur. Amma həmin şəxs danışdıqdan sonra işini itirəcəyini, təzyiqlə üzləşəcəyini düşünürsə, susmağa üstünlük verəcək. Qanun məhz bu qorxunu azaltmalıdır. Layihədə müəyyən şərtlərlə büdcəyə daxil olan vəsaitin 5 faizi həcmində mükafat nəzərdə tutulur. Məncə, bu faizin artırılması da müzakirə olunmalıdır. Dünyada, ABŞ-nin Qiymətli Kağızlar və Birjalar Komissiyasının, yəni SEC-in proqramında şərtlərə uyğun məlumat verən şəxslərə tutulan pul sanksiyalarının 10-30 faizi həcmində mükafat verilməsi nəzərdə tutulub. Tətbiq sahələri fərqlidir, amma bu təcrübənin öyrənilməsinə dəyər. Bizdə də məlumatın əhəmiyyəti və vəsaitin qaytarılmasına verdiyi töhfə nəzərə alınmaqla daha yüksək mükafat müəyyən edilə bilər. Ancaq insanın ilk sualı “mənə nə qədər pul veriləcək?” olmaya bilər. O, soruşacaq: “Məni və ailəmi kim qoruyacaq?” Buna aydın cavab verilməlidir. Təhlükə yaranan anda hansı qurum müdaxilə edəcək? Məxfilik necə qorunacaq? İşdən çıxarılan şəxs gəlirsiz qalanda nə olacaq? Bunlar qanunda və ya onun icra qaydalarında dəqiq həllini tapmalıdır. Bununla bağlı qanunda bəzi mübahisəli və müzakirə olunası məsələlər var".

Hüquqşünas hesab edir ki, plenar iclasda da bu məsələlərlə bağlı təkliflər olacaq.

"Yeri gəlmişkən, mənim tərəfimdən də bu qanunun hüquqi təhlili aparılıb və yaxın günlərdə kütləvi informasiya vasitələrində bununla bağlı öz təkliflərimi daha geniş şəkildə təqdim edəcəyəm. Layihədə 20 min manat məlumat vermə ilə əlaqədar işin itirilməsi halına aid ödəniş kimi nəzərdə tutulub. 20 min manat o halda nəzərdə tutulur ki, əgər şəxs məlumatın verilməsi ilə bağlı həyatını itirirsə, onun ailəsinə 20 min manat məbləğində vəsait ödənilsin. Hesab edirəm ki, bu məbləği ölümə görə kompensasiya kimi təqdim etmək düzgün deyil. İşini itirən şəxsin gəliri və ailə öhdəlikləri fərqli ola bilər. Sabit məbləğin yetərli olub-olmadığı da əsaslandırılmalıdır. Düşünürəm ki, ümumiyyətlə, biz digər qanunvericiliyə də baxmalıyıq. Orada tamam fərqli, hətta milli qanunvericilikdə də fərqli kompensasiyalardan bəhs olunur. Ağır xəsarət, ölüm hallarında isə ayrıca daha güclü təminatlar lazımdır. Ailənin dolanışığı, uşağın gələcəyi, normal və təhlükəsiz yaşayış xərcləri də nəzərə alınmalıdır.

Məlumat verilməsi yaxşı başlanğıcdır. Mənim üçün əsas ölçü məlumat verən insanın sonrakı taleyidir. Dövlət onun məlumatlarından istifadə edib vəsaiti geri qaytarırsa, həmin şəxsin və yaxınlarının müdafiəsini də öz üzərinə götürməlidir və qanunda bununla bağlı bir çox normalar var. Bunu məqbul hesab edirəm, amma eyni zamanda bunun daha da gücləndirilməsi çox əhəmiyyətli məsələdir. Bütövlükdə, mən bunu bu qanunun gələcəkdə işləməsinin əsas şərtlərindən biri hesab edirəm. Çünki biz 2016-cı ildə qanunvericiliyə dəyişiklik ediləndə gördük ki, korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxslərlə bağlı dəyişikliklərdən sonra bununla əlaqədar hər hansı bir keyfiyyət dəyişikliyi baş vermədi. Ona görə də məlumat verən şəxslərin müdafiəsi gücləndirilməlidir. Vətəndaş bunu gördükdə qanuna inanacaq və korrupsiya barədə danışmağa daha çox cəsarət edəcək", - deyə fond rəhbəri yekunlaşdırdı.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən