"Odlar Yurdunun hərarətini özünüzlə aparın!" - Anar Bağırov
“Bəzən konfransın ən dəyərli hissəsi məhz iclas zalından kənarda – səmimi söhbət zamanı, bir fincan qəhvə arxasında və ya fərqli hüquq sistemlərində çalışan həmkarların əslində çox oxşar çağırışlarla üzləşdiklərini kəşf etdikləri anlarda baş verir. Belə söhbətlər yeni ideyalara, gələcək əməkdaşlıqlara və konfrans başa çatdıqdan sonra da uzun illər davam edən dostluqlara yol aça bilər. Çünki nəticə etibarilə, bizim peşəmiz yalnız qanunlardan və institutlardan ibarət deyil. Bu peşənin mərkəzində insanlar, qarşılıqlı anlaşma və bir-birimizlə qurduğumuz münasibətlər dayanır”.
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov “EYBA-nın 2026-cı il Payız Konfransı”nın açılışı zamanı videoçarx vasitəsi ilə bildirdi.
“Azərbaycan Respublikasının Vəkillər Kollegiyası beynəlxalq əməkdaşlığa və müxtəlif ölkələrin vəkilləri arasında əlaqələrin gücləndirilməsinə böyük əhəmiyyət verir. Bu prosesdə gənclərin fəal rol oynaması isə bizi xüsusilə sevindirir.
Siz yalnız peşəmizin gələcəyi deyilsiniz – siz artıq bu gün onun inkişafına mühüm töhfə verirsiniz.
Ümid edirəm ki, bu konfrans səmərəli müzakirələrə, yeni baxışların formalaşmasına və hüquq ictimaiyyətlərimiz arasında daha sıx əlaqələrin qurulmasına şərait yaradacaq. Eyni zamanda ümid edirəm ki, Bakıda keçirdiyiniz bu günlər gələcəkdə birgə əməkdaşlığımız üçün daha çox imkanların başlanğıcı olacaq.
Arzu edirəm ki, Azərbaycanda keçirdiyiniz günlər sizdə ölkəmiz, onun zəngin mədəniyyəti, ənənələri və qonaqpərvərliyi haqqında unudulmaz təəssüratlar və xoş xatirələr yaratsın.
Azərbaycandan ayrılarkən isə ümid edirəm ki, Odlar Yurdunun hərarətindən kiçik də olsa bir parçanı özünüzlə aparacaqsınız! Diqqətinizə görə çox sağ olun və Bakıda xoş vaxt keçirməyinizi arzulayıram!”.
Aytəkin TOFİQQIZI













