"Bakıdakı günlərdən maksimum yararlanın!" - Vəkillər Kollegiyasının sədrindən gənc vəkillərə ÇAĞIRIŞ

 10:31 09.10.2026     57

“Süni intellekt həyatımızın demək olar ki, bütün sahələrində getdikcə daha mühüm rol oynayır, işləmək, ünsiyyət qurmaq və qərarlar qəbul etmək üsullarımızı dəyişdirir. Onun təsiri artdıqca, bu prosesləri hüquqi müstəvidə müzakirə etmək, eləcə də süni intellektin yaratdığı imkan və çağırışlara hüququn necə cavab verməli olduğunu nəzərdən keçirmək xüsusi əhəmiyyət kəsb edir”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov “EYBA-nın 2026-cı il Payız Konfransı”nın açılışı zamanı videoçarx vasitəsi ilə dedi.

“Avropa Gənc Vəkillər Assosiasiyasına ev sahibliyi etmək bizim üçün Avropanın müxtəlif ölkələrindən olan gənc və iddialı həmkarlarımızı qarşılamaq, təcrübələrimizi bölüşmək və hüquq ictimaiyyətlərimiz arasında əlaqələri daha da gücləndirmək üçün gözəl fürsətdir”.

Onun sözlərinə görə, Azərbaycanda gənclər arasında vəkillik peşəsinə maraq getdikcə artır:

“Gənc vəkillər peşənin müasirləşdirilməsinə və innovativ yanaşmaların tətbiqinə mühüm töhfə verirlər. Onların peşəkar inkişafı və vəkillik fəaliyyətində fəal iştirakı daim diqqət mərkəzində saxlanılır. Təsadüfi deyil ki, Vəkillər Kollegiyasına qəbul olunan vəkillərin böyük əksəriyyətini gənc vəkillər təşkil edir. Bununla yanaşı, Vəkillər Kollegiyasının nəzdində Gənc Vəkillər Komitəsi fəaliyyət göstərir. Komitə gənc vəkillərin peşəkar inkişafının dəstəklənməsi, onların fəal iştirakının təşviq edilməsi və vəkillik peşəsinin gələcəyinə töhfələrinin artırılması üçün xüsusi platforma rolunu oynayır. Siz peşəmizin inkişafı üçün zəruri olan yeni ideyaları, fərqli baxışları və enerjini özünüzlə gətirirsiniz. Avropa Gənc Vəkillər Assosiasiyası kimi təşkilatlar isə təcrübə mübadiləsi aparmaq, bir-birimizdən öyrənmək və uzunmüddətli peşəkar əlaqələr qurmaq üçün mühüm imkanlar yaradır. Sizi Bakıda keçirəcəyiniz bu günlərdən maksimum yararlanmağa çağırıram. Müzakirələrdə fəal iştirak edin, təcrübələrinizi bölüşün və müxtəlif ölkələrdən gəlmiş həmkarlarınızı daha yaxından tanımaq fürsətindən istifadə edin”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən