"Hüquqi süni intellekt modelləri şirkətləri aldada bilər" - Ekspertdən XƏBƏRDARLIQ
“Bildiyimiz kimi, hüquqi süni intellekt modellərinin əsasında riyaziyyat, ehtimal nəzəriyyəsi və statistika dayanır. Sözlərin vektor təsvirləri (word embeddings) modelləri hüquqi sənədlərdən və mətnlərdən götürülən, tokenlərə bölünərək rəqəmsal formada öyrədilən məlumatlar əsasında qurulur”.
Redaktor.az xəbər verir ki, bunu “Süni intellekt, məlumatlar və rəqəmsal hüquqlar: eyni tendensiya, rəqəmsal hüquqi gələcəyi formalaşdıran fərqli yanaşmalar” mövzusunda keçirilən payız konfransında Kibertəhlükəsizlik və texnologiya hüququ üzrə ekspert, Milli Kibertəhlükəsizlik Mərkəzinin nümayəndəsi, ADA Universitetinin Hüquq fakültəsinin müəllimi Orxan Əbdülkərimli dedi.
“Belə bir vəziyyəti təsəvvür edin: hansısa təchizatçı şirkətinizə gəlir və sizə maraqlı bir məhsul təklif edir. Məhsulun mətn yaratmaq qabiliyyəti yüksəkdir, mətnlər səlisdir, agentlərdən istifadə etmək də asandır. Bütün bunlar məhsulu cəlbedici göstərir.
Lakin modelin texniki tərəfini araşdırarkən onun hansı hüquqi məlumat bazası əsasında öyrədildiyinə diqqət yetirmək lazımdır. Model Azərbaycan qanunvericiliyi, Avropa hüququ, ABŞ qanunvericiliyi, yoxsa başqa ölkələrin hüquq sistemi əsasında öyrədilib?
Bu məsələ xüsusilə Azərbaycan kimi hüquq yurisdiksiyası nisbətən kiçik olan ölkələr üçün çətinlik yarada bilər. Çünki bir çox böyük hüquqi süni intellekt şirkətləri öz modellərini Azərbaycan qanunvericiliyi əsasında öyrətmirlər”.
Aytəkin TOFİQQIZI













