"İnandırıcı danışır, amma etibarlı deyil" - Hüquqşünasdan ChatGPT ilə bağlı
“ChatGPT-nin yeni versiyası sadəcə suallara cavab vermir, həm də cavabları tapmaq üçün araşdırma aparır”.
Redaktor.az xəbər verir ki, bunu “Süni intellekt, məlumatlar və rəqəmsal hüquqlar: eyni tendensiya, rəqəmsal hüquqi gələcəyi formalaşdıran fərqli yanaşmalar” mövzusunda keçirilən payız konfransında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Caspi Nomos” hüquq firmasının Tənzimləmə və Dövlət Orqanları ilə Əlaqələr üzrə rəhbəri Şəbnəm Tağıyeva dedi.
“Əvvəllər hüquqşünaslar araşdırmaya mənbələri tapmaqla başlayır, həmin mənbələri təhlil edir və nəticəyə gəlirdilər. İndi isə onların işi müəyyən mənada dəyişir: hüquqşünaslar cavabı sıfırdan hazırlamaq əvəzinə, artıq hazırlanmış cavabları qiymətləndirməyə başlayırlar.
Hüquqşünasların bu dəyişikliyə maraq göstərməsinin bir neçə əsas səbəbi var. İlk növbədə, bu, təkrarlanan işlərə sərf olunan vaxtı azaldır və daha böyük həcmdə məlumatı emal etməyə imkan verir. Eyni zamanda, hüquqşünaslara peşə fəaliyyətlərinin əsas hissəsinə, yəni hüquqi xidmətlərin göstərilməsinə daha çox vaxt ayırmaq imkanı yaradı”.
Onun sözlərinə görə, süni intellektin istifadəsi müəyyən risklər də yaradır.
“Böyük Britaniya və Nyu-Yorkdan olan hüquqşünasların təcrübəsi göstərir ki, ChatGPT inandırıcı və peşəkar səslənən cavablar təqdim edə bilər, lakin bu cavablar hər zaman etibarlı olmur. Bu, olduqca maraqlı məsələdir. Təxminən üç il əvvəl Parisdə baş verən bir hadisə ilə bağlı da belə bir vəziyyət yaşanmışdı. Həmin vaxt bəzi şəxslər süni intellektin hüquq sahəsində tətbiqinin tamamilə yeni bir təcrübə olduğunu düşünürdülər”.
Aytəkin TOFİQQIZI













