"Süni intellektdən istifadəyə müəyyən qaydalar çərçivəsində icazə verilməlidir" - Vəkillər Kollegiyasının üzvü

 11:05 09.10.2026     64

“Mən hesab edirəm ki, ilkin mərhələdə innovativ bir seçim kimi ortaya çıxan bu texnologiya zamanla peşəkar fəaliyyətin ayrılmaz hissəsinə çevrilə bilər. Bu gün biz onun tarixini və dünyanın müxtəlif yerlərində necə tətbiq olunduğunu müşahidə edirik”.

Redaktor.az xəbər verir ki, bunu  “EYBA-nın 2026-cı il Payız Konfransı”nda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Caspi Nomos” hüquq firmasının Tənzimləmə və Dövlət Orqanları ilə Əlaqələr üzrə rəhbəri Şəbnəm Tağıyeva dedi.

“Bu ilin iyul ayında biz də bu istiqamətdə müəyyən addımlar atmağa başladıq. Bunun nə demək olduğunu və gələcəkdə hansı nəticələr verə biləcəyini anlamaq vacibdir.
Eyni zamanda, bunu praktik bir nümunə ilə izah etmək olar. Təsəvvür edin ki, yüz minlərlə sənədi əhatə edən kommersiya mübahisəsi var. Süni intellektdən istifadə həmin sənədlərin daha qısa müddətdə nəzərdən keçirilməsinə və təhlilinə kömək edə bilər. Bununla belə, hüquqşünasın üzərinə düşən vəzifələr və peşə məsuliyyəti qüvvədə qalır”.

Onun sözlərinə görə, süni intellektdən istifadəyə müəyyən qaydalar çərçivəsində icazə verilməli və hüquqşünaslar göstərdikləri hüquqi xidmətlərin lazımi peşəkar səviyyədə olmasını təmin etməlidirlər.

“Avropada isə başqa bir tendensiya müşahidə olunur. Avropa Şurası və Avropa Parlamenti səviyyəsində süni intellektin təhlükəsizliyi ilə bağlı təşəbbüslər müzakirə edilir. Bununla belə, bu sahədə hələ vahid və ümumi yanaşma formalaşmayıb”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən